“102-ci hərbi baza Ermənistan üçün təhlükə yaratmır” - Paşinyan

102-ci-herbi-baza-ermenistan-ucun-tehluke-yaratmir
Oxunma sayı: 275

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın xaricdəki vətəndaşlarını qorumaq üçün ordudan istifadə etməsinə icazə verən yeni qanunla bağlı mövqeyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, Paşinyan mayın 13-də Rusiya Dövlət Dumasında qəbul edilən qanunun Gümrüdəki 102-ci hərbi baza kontekstində Ermənistan üçün hər hansı təhlükə yaratmadığını bildirib.

Baş nazir qeyd edib ki, Rusiyanın daxili qanunlarından asılı olmayaraq, ölkə ərazisindəki hərbi baza yalnız Ermənistan qanunvericiliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməlidir:

“Heç bir narahatlıq yoxdur, çünki 102-ci baza Rusiya Federasiyasında hansı qanunların qüvvədə olmasından asılı olmayaraq, Ermənistan qanunvericiliyi və Ermənistanın səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir”.

Qeyd edək ki, sözügedən yeni qanun layihəsi Rusiya prezidentinə xarici və beynəlxalq məhkəmələrin qərarları ilə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün Silahlı Qüvvələri ölkədən kənara göndərmək səlahiyyəti verir.

Xatırladaq ki, fevralın 26-da Paşinyan Ermənistan hakimiyyətinin Rusiya hərbi bazasının çıxarılması variantını nəzərdən keçirmədiyini və Rusiya ilə iqtisadi-siyasi əlaqələrin sıx şəkildə davam etdirildiyini vurğulamışdı.