Dünyanın ən uzun kommersiya uçuşları üçün hazırlanan “Airbus A350-1000ULR” təyyarəsi aviasiya tarixində mühüm sınaqlardan birini uğurla tamamlayıb. Təyyarə Fransadan Avstraliyaya təxminən 17 min kilometrlik fasiləsiz uçuş həyata keçirərək 19 saat ərzində göydə qalıb.
“Qafqazinfo” xəbər verir ki, Avstraliyanın “Qantas” aviaşirkətinin ultra uzunməsafəli uçuş layihəsi çərçivəsində hazırlanan təyyarə Fransanın Tuluza şəhərindəki “Airbus” zavodundan havaya qalxıb və heç bir yanacaqdoldurma dayanacağı etmədən Avstraliyanın Melburn şəhərinə eniş edib.
Bu, təyyarənin Avstraliya istiqamətində ilk uzunmüddətli sınaq uçuşu olub.
Yeni nəsil “A350-1000ULR” modeli “Qantas”ın “Sunrise” layihəsi üçün hazırlanır. Layihənin əsas məqsədi Sidney-London və digər uzaqməsafəli marşrutlarda birbaşa uçuşların həyata keçirilməsidir.
“Qantas”dan bildirilir ki, bu təyyarələr gələcəkdə 22 saata qədər fasiləsiz uça biləcək.
“Airbus” tərəfindən xüsusi olaraq yenilənən modeldə əlavə 20 min litrlik yanacaq çəni quraşdırılıb. Bu sistem təyyarəyə təxminən 18,5 min kilometr uçuş məsafəsi qazandırır.
Tarixi uçuş yalnız aviasiya sənayesinin deyil, hava nəqliyyatı həvəskarlarının da böyük marağına səbəb olub.
Təyyarənin marşrutu “Flightradar24” platformasında 67 mindən çox insan tərəfindən canlı izlənilib. Sınaq uçuşu həmin gün dünyanın ən çox izlənilən uçuşu olub.
Sınaqlarda istifadə olunan təyyarə hələlik “Qantas”ın klassik qırmızı-ağ rənglərinə boyanmayıb. Bej rəngli gövdəyə malik təyyarənin üzərində yalnız şirkətin loqotipləri yerləşdirilib.
“Qantas” ilk kommersiya A350-1000ULR təyyarəsi olan “Vega” modelinin istehsalının davam etdiyini açıqlayıb. Təyyarənin 2027-ci ilin aprelində şirkətə təhvil verilməsi planlaşdırılır.
Şirkət bu modeldən 12 ədəd almağı nəzərdə tutur. Hər bir təyyarə təxminən 238 sərnişin daşıyacaq. Bu göstərici standart A350-1000 modellərindən daha azdır, lakin məqsəd sərnişinlərə uzun uçuşlar zamanı daha geniş və rahat şərait yaratmaqdır.
“Qantas” gələcəkdə Sidneylə yanaşı, Melburn və Brisben şəhərlərindən də London və Nyu-Yorka birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır. Şirkət son marşrutların sərnişin tələbatına uyğun müəyyən ediləcəyini bildirib.



Son xəbərlər
Son Xəbərlər