ABŞ Prezidenti Donald Trampın administrasiyası nəsli kəsilməkdə olan heyvan və bitkilərin qorunmasını nəzərdə tutan qanunun tətbiq dairəsini məhdudlaşdıran yeni qaydalar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, dəyişiklik ABŞ-də təxminən yarım əsrdir qüvvədə olan Nəsli Kəsilməkdə Olan Növlər Qanunu çərçivəsində qorunan canlıların yaşayış mühitinə təsirlərlə bağlı yanaşmanı dəyişir.
Yeni qaydalar 1600-dən çox nəsli kəsilməkdə olan növün yaşadığı ərazilərdə sənaye fəaliyyətlərinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasına imkan yaradır. Bu ərazilərdə neft və qaz hasilatı, mədənçilik və tikinti layihələrinin həyata keçirilməsi asanlaşa bilər.
Dəyişikliyin əsasını qanunda yer alan “zərər” anlayışının yenidən müəyyənləşdirilməsi təşkil edir.
ABŞ Ali Məhkəməsinin 1995-ci ildə qəbul etdiyi qərara əsasən, canlıların yaşayış mühitinin məhv edilməsi onların dolayı şəkildə zərər görməsinə səbəb olursa, bu, qanun pozuntusu hesab edilə bilərdi.
Yeni qaydalar isə daha dar yanaşma müəyyən edir. Buna əsasən, müəyyən bir layihənin qarşısını almaq üçün heyvan və ya bitkilərə birbaşa fiziki zərər vurulması və ya onların öldürülməsi kimi halların əsaslandırılması tələb olunacaq.
Qərar ABŞ-də ətraf mühit təşkilatlarının ciddi etirazına səbəb olub. Tənqidçilər yeni qaydaların nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin yaşayış mühitinin qorunmasını zəiflədəcəyini bildirirlər.
Tramp isə tənqidlərə sosial media hesabında cavab verərək əvvəlki qaydaları iqtisadi fəaliyyəti məhdudlaşdıran “bürokratik maneələr” kimi qiymətləndirib.
ABŞ Prezidenti bildirib ki, radikal ekoloqların mədənçilik, enerji və kənd təsərrüfatı layihələrinə mane olmasına imkan verilməyəcək və administrasiyası Amerika işçilərinin maraqlarını prioritet hesab edir.
Son xəbərlər
Son Xəbərlər