“Nigarı məhkəməyə Bin Laden kimi gətirirlər” - Tofiq Yaqublu

nigari-mehkemeye-bin-laden-kimi-getirirler-tofiq-yaqublu
Oxunma sayı: 830

“İndi siz deyin görüm, iqtidar müxalifətin hansısa addımını təqdir edibmi?”

“Əhəd Abıyev bu qədər pulu haradan alıb ki, hələ YAP-na 40 min manata “JİP” bağışlayır? Bu fakta görə niyə cinayət işi açılmır?”

Müsavat Başqanının müavini Tofiq Yaqublunun “Qafqazinfo”ya müsahibəsi

- Siz müxalifətdə yüksək post tutmasanız da, yükünüz həmişə ağır olub. Mən söhbətimizə belə başlamaq istəyirəm ki, bu ağırlığı necə daşıyırsınız, necə idarə edirsiniz?
- Bəlkə müxalifətin əsas simalarından olmadığımı demək istəyirsiniz? Çünki müxalifət düşərgəsində yüksək vəzifə tutmağa qalanda, mənim kifayət qədər yüksək vəzifəm var. Ölkənin ən qədim və indiki dövrdə ana müxalifət rolunda olan partiyasının – Müsavat Partiyasının - başqanının müaviniyəm, Divan üzvüyəm. Sizcə bu balaca vəzifədir? Bunları sözgəlişi deyirəm. Üzərimə şüurlu şəkildə götürdüyüm bu ağır müxalifətçilik yükünü hər yerdə belə izah edirəm. Şuşamız ermənilərin əlindədir. Tutaq ki, bir dəfə hücum etdik, ala bilmədik, ikinci dəfə hücum etdik ala bilmədik, üçüncü dəfə hücum etdik yenə ala bilmədik, bu o demək deyil ki, bundan sonra “Şuşanı almaq mümkün deyil”-deyib silahı bir kənara atıb bu işdən əl götürməliyik. Dördüncü, beşinci, yüzüncü dəfə hücum etməliyik, ta o günədək ki, Şuşa bizim olacaq. Azərbaycanda hakimiyyəti oğru, saxtakar, talançı, yalançı, kriminal bir qrup ələ keçirib və onu xalqa qaytarmaq istəmir. Belə bir hakimiyyətə qarşı müxalifətdə olmaq siyasətdən daha çox ləyaqət məsələsidir. Onu dəyişdirmək mümkün görünməsə belə mən müxalifətdə olacağam, hərçənd ki, qalib gələcəyimizə şübhə etmirəm. Belə iqtidarla necə barışa, necə ona biganə yanaşa bilərəm. Bu mümkün deyil. İsa Qəmbər də daxil olmaqla silahdaşlarım mübarizədən əl çəksələr, meydanda təkcə qalsam da mövqeyimdən dönən deyiləm. Hərçənd ki, ona da qəti inanıram ki, mənim silahdaşlarım çox əqidəli, möhkəm və mübariz insanlardırlar və onlar da mənim kimi bu işdə sona qədər olacaqlar. Təəssüf ki, cəmiyyətimiz passionar deyil, öz hüquqları uğrunda mübarizə aparmır. Bir çoxları bizi vəzifə uğrunda mübarizə aparanlar kimi qəbul edir. Müxalifət olaraq biz hakimiyyətə gəlsək, yəqin mənə də bir iş təklif edərlər. Ancaq nə mənim, nə də silahdaşlarımın mübarizəsinin hədəfi bu deyil. Nəyə görə mübarizə apardığımızı bayaq dedim.

- Yəni müxalifətçilik sizin alnınıza yazılıb...
- Onu özüm yazmışam. O yazıya pozu yoxdur, sona qədər belə davam edəcək.

- Deyirsiniz ki, bir gün bu müxalifət hakimiyyətə gələcək. Mən bu inamın nədən qaynaqlandığını bilmək istəyirəm.
- Buna zərrə qədər də şübhə etmirəm. Həm siyasi biliklərim, həm müşahidələrim, həm də intuisiyam belə deyir. Dəyişiklik olacağına gecədən sonra gündüzün, qışdan sonra yazın gələcəyinə inandığım qədər inanıram. Heç kəs ağacların tumurcuqlanması, təbiətin yaşıllaşması, meyvələrin yetişməsi prosesini gözlə müşahidə edə bilmir. Bir müddət keçir, bir də görürsən ki, hər yan yam-yaşıldır. Saatı göstərən əqrəbin irəlilədiyini də gözlə görmək olmur. Başın qarışır, bir də baxırsan ki, əqrəb xeyli irəliləyib. Bax, mənim inandığım siyasi proseslər də eləcə. İndiki dünyanı 30 il bundan qabaqkı dünya ilə müqayisə edin. Görün dünya nə qədər dəyişib. Hanı Varşava Müqaviləsi, hanı Qarşılıqlı İqtisadi Yardım Şurası, hanı sosializm düşərgəsi... Dünya iki hissəyə bölünür demokratik cəmiyyətlər və antidemokratik cəmiyyətlər. Gözlə görə bilmədiyimiz həmin proses nəticəsində antidemokratik cəmiyyətlər yavaş-yavaş demokratik cəmiyyətlər cəbhəsinə keçir, oradan isə geri dönüş yoxdur.

- Belə deyirsiniz ki, Azərbaycanda müxalifətin hakimiyyətə doğru hərəkəti tumurcuğun açmasına bənzəyir. Biz görmürük. Amma proses gedir...
- Hətta mən o qədər əminəm ki, Müsavat Partiyası və AXCP əlinə ağ bayraq alıb desələr ki, bizim yolumuz səhvdir, bu hakimiyyət düzgün yoldadır, o, Azərbaycan xalqının mənafeyinə uyğun çalışır, xeyri yoxdur, bu hakimiyyət gedəcək. Sadəcə olaraq bu gediş bir az ləngiyə bilər ki, artıq ləngimə limiti də bitib. Dünyəvi bir axar var, heç kim və heç nə onun qabağında duruş gətirə bilməz.

- Birdən bu axar Azərbaycanın yanından ötüb keçsə, ona toxunmasa...
- Bu, mümkün olmayacaq, axın tərsinə çevrilməyəcək.

- Birdən olsa...
- Bu mümkün deyil. Güney Qafqaz Afrikanın və ya Asiyanın dərinliklərində deyil ki, onun növbəsi axırıncı çatsın. Bütün mütərəqqi dünya İrana qarşı birləşib. Hətta hərbi müdaxilə variantı da istisna olunmur. Şimalda isə Rusiya yerləşir. O, Rusiya ki, onun sadəcə mövcudluğu dünya siyasətinin və düzəninin ciddi faktorudur. Haqqında danışdığımız axının belə bir coğrafiyada yerləşən Güney Qafqazın yanından ötüb gedəcəyi mümkün deyil. Üstəlik də ölkədə ciddi müxalifət və oyanmış cəmiyyət var.

- Yəni sizin arzularınız, duyğularınız mütləq reallaşacaq?..
- Əlbəttə!
- Bu yaxınlarda bir müxalifət funksioner ilə söhbət etdik. Ondan nə qədər soruşdum ki, bu iqtidarın heçmi müsbət cəhəti yoxdur? Adam israrla olmadığını dedi. Maraqlıdır Siz necə düşünürsünüz? Doğurdan bu hakimiyyətin müsbət qələmə veriləcək bircə işi də yoxdur?
- Yəqin ki, iqtidarın yaxşı işini deyəndə Bakıda tikilən körpü-tunelləri və yolları nəzərdə tutursunuz, başqa bir “yaxşı iş” bilirsinizsə deyin. Mən siyasətçi olmaqla yanaşı, həm də sizin həmkaram. “Yeni Müsavat” qəzetində köşə yazıları yazıram. Bu günədək bir dəfə də yazmamışam ki, körpü lazım deyil, mənasız işdir. Təəssüf ki, bəzi yazarlar və siyasətçilər belə deyirlər. Belələri ilə bəzən mübahisəmiz də düşür. Bakı meqapolisdir. Tam qətiyyətlə deyirəm ki, həmin körpü-tunellər tikilməsəydi, yollar çəkilməsəydi, indi Bakıda həyat dayanmışdı. Hətta bu qədər körpü-tunel, təzə yol ola-ola Bakı bu gündədirsə, görün bunlar olmasa necə olardı. Ancaq mən də körpü-tunelləri və təzə yolları tənqid edirəm, ancaq başqa tərəfdən. Tənqid edirəm ki, bunlar birinci növbədə nəhəng korrupsiya layihələrdir. İqtidar tikintini özünün şirkətlərinə verir və bu tikintidə real qiymətdən dəfələrlə artıq pul oğurlanır. Tənqid edirəm ki, tikinti çox ləng aparılır. Xatırladım ki, mümkün qədər çox pul oğurlamaq üçün belə edirlər. Tənqid edirəm ki, niyə az tikirsiniz. Tənqid edirəm ki, niyə keyfiyyətsiz tikirsiniz. Təzəcə çəkilmiş asfaltı bir-iki aydan sonra qazıyıb yenidən üzləyirlər. Yəni demək istədiyim odur ki, iqtidarın yaxşı işi kimi təqdim edilən sahə, əslində onun baş qaxıncı, dilinin gödək, üzünün qara olduğu sahədir. Özünüz təsəvvür edin, yaxşı işləri bu gündədirsə, qalan işləri necədir? Məsələn, Mixail Saakaşvili Tiflisin lap mərkəzində cəmi dörd ay ərzində 4 körpü-tunel qovşağı tikib istifadəyə verdi. Bizimkilərdən qat-qat ucuz və keyfiyyətli. Tiflisdə olanda özüm məxsusi olaraq gedib o tikintilərə baş çəkmişdim. İşlər 3 növbədə aparılırdı. Fəhlələr və texnika qarışqa kimi qaynayırdı. Tikinti gedən yerlərdə tıxac olmurdu, ətraf da səliqəliydi. Amma Dərnəgül yolundakı, Gənclikdəki və ya mikrorayon bazarının yanındakı körpü-tunel qovşaqlarının tikintisinə 3 ildir, bəlkə də daha çox başlanılıb, amma hələ işlər yarıya çatmayıb. Keçəndə baxırsan ki, başında sarı dəbilqə bir-iki fəhlə qurdalanır. Ətraf da tıxac, toz-torpaq, palçıq, zibil... Bu müddət ərzində tikintinin yaratdığı problemlər ucbatından insanlar əsəb xəstəliyinə tutuldular, kələ-kötür yollarda maşınların içalatı töküldü. Tikintidən pul oğurladıqları azmış kimi, həm də insanları ələ salırlar, onları çərlədirlər. Bir də ki, körpülər və yolar iqtidarın bacarığının göstəricisidirsə, ondan sizdən soruşuram, Heydər Əliyev niyə körpü tikmirdi, yol çəkmirdi? İlham Əliyev ondan təcrübəli rəhbərdir? Sadəcə olaraq Bakı-Tiflis-Ceyhan neft kəmərinin gətirdiyi neft milyardları İlham Əliyevin dövrünə düşdü. Biz bu iqtidarın qurub-yaratmaq bacarığından yox, çay kimi axıb gələn neft pullarını göyə sovurmasından danışmalıyıq. İqtidarın başqa yaxşı işi hansıdır deyin görüm? Bir də baxırsan pensiyaları və ya maaşları 5 faiz artırdığına görə prezidenti tərifləyirlər, sanki o, xalqa ancaq zülm etməklə məşğul olmalıdır, azacıq yaxşı iş görən kimi, bunu ondan gözləmirlərmiş kimi tərifləməyə başlayırlar. O, cibindən heç kimə pul vermir, xalqa çatası pulların cüzi bir hissəsini ona verir. Belə halda əksinə tənqid etmək lazımdır ki, niyə az artırıbsan?

Bu günə kimi Azərbaycanda bir çox məqamlarda müxalifət hakimiyyətin addımlarını təqdir edib. “Əsrin müqaviləsi” neft kontraktı imzalananda, Gürcüstanla, Rusiya ilə ikitərəfli dövlətlərarası müqavilə imzalananda, GUAM yaradılanda, NATO-nun “Cinah sazişi” adlı sənədinin imzalanmasından imtina ediləndə və s. hallarda müxalifət iqtidarın addımını təqdir edib. İndi siz deyin görüm, iqtidar müxalifətin hansısa addımını təqdir edibmi? Yəni, bu sahədə də üstünlük müxalifətin tərəfindədir.

- Lap sonuncu Avropa Birliyinə qarşı etiraz...
- Ramil Səfərovla bağlı imzalanmış sənədimi deyirsiniz? Yox, o, bir az fərqli şeydir.


- Mənə elə gəlir ki, Azərbaycanda müxalifət hakimiyyətə müxalifdir. İstəyir ki, İlham Əliyev getsin, onlar gəlsin. Yəni İlham Əliyevi ona görə istəmirlər ki, hakimiyyətə özləri gəlmək istəyir. Yoxsa insanlar, ölkənin dünyadan geri qalması onların umrunda belə deyil. Əks halda indiyə kimi bir yol tapıb cəmiyyəti özlərinə inandırmışdılar.

- Qətiyyən sizinlə razı deyiləm. Problem xalqın həqiqəti bilməməyində və ya müxalifətin həqiqəti xalqa çatdıra bilməməyində deyil. Hamı ölkədəki talandan, özbaşınalıqdan, saxtakarlıqdan, riyakarlıqdan, yerlibazlıqdan, monopoliyadan xəbərdardır və buna nifrət edir. Hamı bilir ki, bütün bunlar iqtidarın əməlləridir. Odur ki, Azərbaycan müxalifətinin əhalini iqtidardan narazı salmaq kimi qayğısı yoxdur. Situasiya yetişəndə xalqın bu iqtidara nə qədər nifrət etdiyini özünüz görəcəksiniz. Müxalifətin belə qayğısı demokratik ölkədə olur. Məsələn, Norveç müxalifəti seçicilərə iqtidarın qüsurlarını göstərmək üçün dəridən-qabıqdan çıxmalıdır. Axı, ilişəcək bir şey tapmaq çətindir, üstəlik də inandırmalısan ki, sən gəlsən daha yaxşı olacaq. Bizdə isə hakimiyyətin oğru olması aksiom halına gəlib. Sadəcə olaraq situasiya yetişməlidir. Burada beynəlxalq birliyin də mühüm rolu var. Azərbaycan böyük dövlətlərin və güclərin maraqlarının çuğlaşdığı bir yer olduğundan bu prosesin alınması o qədər də asan deyil. Xalqın bu rejimdən zəhləsi getdiyi faktdır. İnsanlar çörəyi qulaqlarının dibinə yemirlər.

Təsəvvür edin, Daşkəsənin icra başçısı Əhəd Abıyev deyir ki, YAP-ın rayon təşkilatına 40 min manat dəyərində təzə JİP bağışlayıb. İndi görün özünün nə qədər pulu və əmlakı var. O, bu pulları haradan alıb? Bir qadını aldadıb, xəstə qardaşı üçün onun böyrəyini alıb, amma indi pulunu vermir. Əhəd Abıyev bu hakimiyyətin simasıdır, onun üzdə olanlarındandır. Sizcə belə hakimiyyətə kim inanar, kim ona etimad göstərər? Problem hakimiyyətdə yox, xalqdadır. O, hakimiyyət haqqında hər şeyi bilsə də ortaya xarakter qoya bilmir, istəyir ki, fədakar müxalifətçilər vəziyyəti dəyişdirsinlər, onlar da rahat yaşasınlar. İdmanda belə bir deyim var: “Hər bir komanda rəqibinin imkan verdiyi qədər yaxşı oynayır”. Çox dəqiq ifadədir. Məsələn Moskvanın “Spartak” komandası “Neftçi”yə, “Kayrat”a, “Paxtakor”a rahatca 4-5 qol vururdu, amma “Bavariya”ya vura bilmirdi, çünki rəqib imkan vermirdi. YAP rejimi Fransada və ya İsveçdə belə hoqqa çıxara bilərmi? Xalq ona belə imkan verir. Bir şeyi deməyə cürət etməliyik. Çoxları, xüsusən də siyasətçilər bunu açıq deməyə cəsarət etmirlər. Yerindən duran xalqı tərifləyir, onun istisna bir şey olduğunu sübut etməyə çalışır. Nizami, Füzuli, Koroğlu, Babək və s. misal çəkirlər. Bilməliyik ki, hər bir xalq özü haqda belə düşünür, onların da şairləri və qəhrəmanları var. Bir də var həqiqəti deyəsən. Nizami yaratdığını Azərbaycan xalqı yaratmayıb, o, “Xəmsə”ni öz istedadı hesabına yaradıb və Azərbaycan xalqının mənəvi mülkiyyətinə çevirib. Üzeyir bəyin yaratdıqları da eləcə. Azərbaycan xalqının yaratdığı isə bu cəmiyyət, bu infrastruktur, bu münasibətlər sistemi və sairdir ki, onlarla da öyünməyə dəyməz. Bir xalq ki, 21-ci əsrdə oğru rejimin hakimiyyəti altına yaşamağı özünə rəva bilir, deməli problemi var. Etiraf etməliyik ki, bizim almanlara, yaponlar, ingilislərə, fransızlara çatmağımıza hələ çox var. Misal üçün, mən oğlumu həqiqətən də dünyada hamıdan çox istəyirəm, amma gərək etiraf edim ki, qonşunun oğlu mənim oğlumdan istedadlıdır, tərbiyəlidir, dərslərini yaxşı oxuyur, səliqəlidir, sağlamdır, yaxşı futbol oynayır. Gərək hər şeyi adıyla çağırasan. Yəni YAP rejimi çox güclü yox, xalq çox zəifdir.

Nəinki, alman, fransız, heç ermənilər və ya gürcülər də belə hakimiyyəti dözməzdilər. Fikir verin, Koçaryan hakimiyyəti öz ailə üzvünə, yaxın qohumuna yox, Sarkisyana verdi. Çünki çox ağ eləməyə risk etmədi. Bizdə isə çox ağ edirlər, amma xalq tərpənmir ki, tərpənmir.
1993-cü ildən bu yana saysız-hesabsız dəfə həbs olunmuşam, döyülmüşəm, işgəncələrə məruz qalmışam, ancaq yoluma davam edirəm. Ancaq ömründə bircə dəfə mitinqə getməmiş adam hətta razılaşdırılmamış mitinqə də “adamı döyürlər” bəhanəsi ilə getmirlər. Ancaq söhbətdə bizim haqlı olduğumuz bildirirlər və tələb edirlər ki, bu hakimiyyəti tez dəyişin. Hələ bəziləri var bizi zəif olmağımıza görə qınayırlar.

- Koroğlu dediniz, Nigar yadıma düşdü. Nigar necədir?
- Biz Nigarın məsuliyyətdən yayınmasını istəmirik və buna da çalışmırıq. Ancaq hakimiyyət bu bədbəxt hadisədən onu və bizim ailəni cəzalandırmaq üçün istifadə etdi. Özü də tam qanunsuz və mənəviyyatsız. Onun məhkəməyə qədər həbsə alınması tam qanunsuzdur və Azərbaycanda analoqu olmayıb. Vəkillər Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırlayıblar. Onun həbsini əsaslandırmaq üçün çox ciddi cinayət törədərək işə saxta sənədlər və sübutlar daxil ediblər ki, bunu ifşa edən sensasiya doğuracaq sənədlər əldə etmişik. Zamanı gələcək hamısını cəmiyyətə təqdim edəcəyik.

- Nigarın özü necədir?
- Özü yaxşıdır. 12 vəkili var. Orta hesabla yanına gündə iki vəkil gedib gəlir. Ümumiyyətlə, Nigar qoçaq qızdır, hələm-hələm belə şeylərlə sarsılmaz.

- Görüş verirlər?
- Görüş vermirlər. Bu qanunsuzdur. Qanuna görə ailə üzvləri görüşə bilərlər.

- Vəkillərlə necə?
- Vəkillər görüşür.

- Siz Nigarı görmüsünüz?
- Yox, halbuki bu birbaşa qanun pozuntusudur. Bu gülməli bir məhdudiyyətdir. Bəhanə edirlər ki, Nigar Yaqublu ilə bağlı kütləvi informasiya vasitələrində cürbəcür məlumatlar gedir, buna görə də bizə icazə verilmir.

- Vəkillərə nə deyir?
- Heç nə, yazıq qız girovdadır. Məhkəməni gözləyir. Sadəcə olaraq onu valideynləri ilə görüşməsinə icazə vermirlər. Nigarda ruh yüksəkliyi var, möhkəmdir. O, başa düşür ki, bütün bunlar niyə baş verir.

- Məktub göndərir sizə?
- Yazır ki, yaxşıyam, narahat olmayın, kitab göndərin və.s. Əsasən anasına yazır. Çünki o, çox narahatdır.

- Anası siyasətlə məşğul olub?
- Zaman-zaman fəal olub. Amma indi bizi mühafizə etməklə məşğuldur.

- Bu məsələdə sizi günahlandırmır ki?
- Yox, qətiyyən. Özü də mitinqlərdə, icazəsiz aksiyalarda bir neçə dəfə iştirak edib. Sadəcə, indi yaşı ilə, ailə qayğıları ilə bağlı mümkün olmur. İndi götürüb onu da həbs eləsinlər?! Təsəvvür edin ki, bulvarda gəzinti olan günləri ailəlikcə hamımızı həbs eləmişdilər. Eurovision ərəfəsi idi. Az yaşlı oğlumu və məni tutub Səbail rayon polis idarəsinə aparmışdılar. Nigarla Nərgizi isə İTV-nin qabağında tutmuşdular. Bir ailədən dördə nəfər! Bir nəfər də heç olmasa dalımızca çörək gətirən qalsın da.

- Nigarla bağlı məsələ fərqlidir. Cəmiyyətin reaksiyasından yəqin ki, razı olarsanız. Çünki hətta iqtidar düşərgəsində olan insanlar ona dəstək olur.
- Hə, razıyam. Çünki bu absurd idi. Qanunda göstərilib ki, təqsirləndirilən şəxsi məhkəməyədək hansı halda həbs etmək olar. Yəni o, ictimai təhlükəlidirsə, bu hərəkəti təkrar yenə də edə bilərsə. Elə çıxır ki, həbs etməsələr Nigar yenidən maşınla qəza törədib başqa adamın ölümünə səbəb olacaqmış.

- Məhkəməyə gətirəndə görürsünüz?
- Heç orada da qoymurlar. Sağ olsun, Azadlıq radiosu azca çəkə bilmişdi onu. Gördük.

- Məhkəməyə qolu açıq gətirirlərmi?
- Hə, bir dənə ona qanacaqları çatır. Mən onun məhkəmələri olanda demişdim ki, çox adam getməsin. Qıcıqlanırlar. Bundan belə hər dəfə 20-30 gənc gəlirdi. Tökürlər polisləri ora. Elə bil ki, Bin Ladeni gətirirlər. Ayıbdır axı. Onu məhkəmənin binasına elə aparıb-çıxarırlar ki, sanki Nigar dəhşətli bir terrorçuymuş.

- Nigar sizin qızınızdır. Amma jurnalist olaraq bunlar mənim üçün normaldır. Siz kədərlənə də bilərsiniz. Amma məsəl var: “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Bu bəlkə də daha çox qürur duyucu bir şey ola bilər.
- Mən istəmirəm ki, Nigar həbs olunsun. Həmin qəzaya görə onu adi qaydada mühakimə etsəydilər, belə mənzərə yaranmayacaqdı, Hakimiyyət onu populyarlaşdırdı, baş vermiş qəzanın əsl mahiyyəti arxada qaldı, həbs siyasiləşdi. İndi çoxları elə bilir ki, Nigar hansısa siyasi hadisəyə görə tutulub. Fikirləşəndə görürsən ki, iqtidar Nigar üçün karyera düzəldir. Əlbəttə ki, bunun belə olmasını istəməzdim, kaş Aydın bəy həyatda qalaydı, Nigar da öz qabiliyyətinə görə siyasətdə irəliləyəydi. Nigarı Azərbaycan gəncliyinin mübariz simvoluna çeviriblər, başqa vaxt bəlkə də o, bu qədər irəlidə ola bilməzdi. Necə deyirlər, hər bir pisdə bir xeyir də var.

- O Nigardan bu Nigara doğru gedirdi sizin qızınız...
- Bəli Nigar həbsə doğru yol gedirdi. Hətta bu hadisə olmasaydı belə, hakimiyyətin ona problem yaratmaq düşüncəsi həmişə olub, münasib vaxta nə isə düzüb-qoşacaqdılar. Nigar onu cəzalandırmaq üçün hakimiyyətə şans verdi. Universitetdə oxuyanda müəyyən dairələr ya Nigarı ya da Nərgizi həbs etmək barədə planlar qururdular, bu haqda məndə dəqiq məlumatlar var. Nigarın özünü də dəfələrlə xəbərdar etmişdilər. Qara buludlar onların başının üstündə həmişə əsirdi. Amma Nigar mübarizədən çəkinmədi, əksinə getdikcə daha kəskin, daha barışmaz mübarizə aparmağa başladı.

- Azərbaycanda adətən milli mentalitetin getdikcə məhv olduğunu göstərmək üçün deyirlər ki, hanı qoç Koroğlu, Həcər, Natəvan?! Belə bir fikir həmişə var. İndi deyə bilərik ki, bu da sizə Nigar...
- Bu sizin, cəmiyyətin seçimidir, necə istəyirsiniz elə də qiymətləndirin. Amma bir söz deyim. Mili dəyərlərin əldən getməsi fikri ilə razılaşmıram. Sizin neçə yaşınız var?

- 32.
- Mənim də 52.

- Yaxşı qalmısınız.
- Futbol sayəsində. Vaxtaşırı futbol oynamaq lazımdır.

- Oynayırsınız?
- Futbol yeganə sahədir ki, mənim orada təvazökarlıq hissim yoxdur. Mən yaxşı futbol oynayırdım, indiki yaşıma baxanda da o qədər pis deyiləm. Müntəzəm futbol oynamaqda davam edirəm.

- Kimlə oynayırsınız?
- Əsasən dostlar qruplaşaraq oynayırıq. Mən Qaraçuxurda oluram. Orada “Aura” şadlıq sarayının yanında bir meydança var, orada oynayıram. Orda tək siyasətçi mənəm. Qalanları məhlə uşaqlarıdır.

- Heyətdə sizin vəzifəniz nədir?
- Mini futbolda müdafiəçi, hücumçu mövqeyinə yer qalmır, hamı hər yerdə oynayır. Müdafiəyə meylli yarımmüdafiəçi kimi oynayıram. Uşaqlar çox qaçırlar. Mən indi o qədər qaça bilmirəm.

- Qocalıq meydanda görünür?
- Yüzdə yüz görünür. Amma təcrübə “yılların” təcrübəsidir. Mən həm də futbol fanatıyam. Mən məsələn, Madridin “Atletiko” komandasının oyunlarına Arda Turana, Emre Belezoğluya görə mütləq baxıram. “Real”ın oyununa Məsud Özilə görə baxıram.

- Niyə Azərbaycan xalqı yalnız Əmrəyə görə “Atletico Madrid”i sevir?
- Gen çəkir. Qardaşındır, necə sevməyəsən?!

- Axı dünyada elə şey yoxdur ki, məsələn, bir ingilisə görə hamı o komandaya baxsın.
- Çox maraqlı mövzudur. Məsələn, rus ordusunda xidmət edən vaxtlar biz ermənilərlə çox mehriban idik. Qafqazlılar birləşmişdik. Orada ruslar bir türk qardaşımıza nəsə deyiləndə dava düşürdü. Amma ruslar bunun fərqinə varmırdılar. Çünki onlarda milli təəssübkeşliyə ehtiyac qalmır. Onlar hegemon millətdir, ayaq altında qalmırlar və.s. Ona görə də o hisslə yaşamırlar. Azərbaycan dünyanın cırtdan ölkələrindəndir. Türkiyə isə bizdən bir az yuxarıdadır. Ona görə də bizdə bu təəssübkeşlik hələ olacaq. Yadımdadır, o vaxt “Azərreyl”ə əcnəbi qızlar gətirəndə çoxları bunu bəyənmirdi, öz qızlarımız yoxdur deyə o qədər də xoşlarına gəlmirdi. Mən isə deyirdim ki, yavaş-yavaş bizim qızlar da oynamağa başlayacaqlar. “Azerreyl” gedib Braziliyada oynayanda orada heç kim demir ki, qızlar türk deyillər. Əsas odur ki, bizim bayrağımız qalxır. İndi isə bizim milli komandada həm də klublarımızda xeyli tük qızlarımız oynayır. Yaxşı da oynayırlar. Mən bizim bayrağımız qalxanda göz yaşlarımı saxlaya bilmirəm.

- Zəlimxan Yaqubla aranız necədir?
- Çox yaxşıdır. Yaxın qohumumuzdur. Atalarımız əmiuşağıdırlar.

- Xəstədir. Gedib baş çəkirsiniz?
- Mənim mentalitetdə barışmadığım məsələlərdən biri də xəstə insanın ziyarətə edilməsi ilə bağlıdır. Qohum-əqrəba, dost-tanış özünə borc bilir ki, gedib xəstəyə baş çəksin. Çox vaxt bu ölçüsüz olur və xəstə üçün problem yaradır. Daha düşünmürük ki, xəstə adama maksimum dinclik və sakitlik lazımdır. Xəstə ziyarətçini görüb dirsəklənir, söhbətə qulaq asmalı olur, suallar cavab verir. Bu da ona problem yaradır. Əlbəttə ki, Zəlimxan bəyi ziyarət edirəm, amma bayaq dediyim prinsipləri gözləmək şərti ilə. Səhhət ilə müntəzəm maraqlanıram.

- Aranızda mövqe fərqi var.
- Düzdür. Zəlimxan Yaqubun şəxsən özünə hörmət edirəm. Poeziyasını çox bəyənirəm. Kişi əsl sənətkardır da. Böyüyümdür, ərki var. Amma bu burda bitər. Mövqelərimiz diametral fərqlidir.

- Qızların ikisi də subaydırmı? İstədikləri, elçiliyə gələnləri varmı?
- Bəli, subaydırlar. Nə bilim, kimin başında və qəlbində nə var. Yəqin zamanı çatanda hər şey bəlli olar. Hələ ki, ortada rəsmi bir şey yoxdur.

Söhbət ondan gedir ki, bütün ailəliklə mübarizə aparmaq Azərbaycanda tək-tük ailəyə məxsusdur. İndi yolunuz düzgündür, ya yanlışdır. Bunu zaman göstərəcək.
- Mən Qarabağda könüllü döyüşmüşəm. O vaxt Nigarla Nərgizin 3-4 yaşları var idi. Nə normal evimiz var idi, nə də bir şeyimiz. Bir dənə daxmamız var idi ki, başımıza uçurdu. Həyat elə gətirdi ki, sağ qayıtdım. Kim görürdüsə guya ki, mənə canı yanırdı, deyirdi ki, sənin ağlın yoxdur, sənə qalmışdı, niyə döyüşə getmişdin? Yəni indi də mübarizəmizlə bağlı həmin sözü deyirlər. Bir yandan haqlı olduğumuzu, bu hakimiyyətin onlara zülm etdiyini deyirlər, bir yandan da deyirlər ki, kənara çəkil, təkcə sənə qalıb bu işlər? Heç olmasa, demirlər ki, bağışlayın, sizin yanınızda ola bilmirik. Adamları ruhdan salmayın .

- Yeri gəlmişkən, Ştrasserin siyasi məhbus siyahısına salınıb Nigar...
- Leyla Yunus dedi ki, bu yüz faiz olacaq. İqtidar məhkəmədə Nigara lap ağır cəza verə bilər. Onun həbs edə bilərlər. Ona görə də imkan daxilində işimizi möhkəm tutmalıyıq. Əgər ədalətsiz məhkəmə olacaqsa AŞ PA-nın yanvar sessiyasında Ştrasserin məruzəsi zamanı onun da adı çəkiləcək. Ancaq adı artıq indidən Ştrasserin siyahısındadır. Məncə Nigar Azərbaycanda ilk şəxsdir ki, barəsində məhkəmənin hökmü olmadan adı siyasi məhbus siyahısına düşüb.

- Nədənsə mən inanıram ki, Nigar həbsdən tezliklə çıxacaq...
- Azərbaycanın ən güclü vəkilləri onu müdafiə edir. Onlardan Adil İsmayılov deyir ki, Azərbaycanda vəkilin müdafiə elədiyi şəxsə köməyi təxminən mollanın ölüyə köməyi qədərdir. Ədalətli məhkəmə sistemi olsaydı, biz indidən onun haqqında nə qərar veriləcəyini bilərdik. Nə proses getdiyi hamıya aydındır. Gözləyək. Nigarın azadlığa çıxmasını çox adam gözləyir. Onu həbsdə saxlamaq istəyənlərdən qat-qat çox.

Söhbətləşdi: Günel Türksoy, Elbrus Ərud