Ölümə aparan təhlükəli manevrlər anbaan... - Video

olume-aparan-tehlukeli-manevrler-anbaan
Oxunma sayı: 3577

Sosial şəbəkələrdə salonunda bir neçə gəncin olduğu avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu video ötən ay sürücü Vəfadar İsmayılzadənin törətdiyi və onun meyitinin hadisədən yalnız 3 gün sonra tapıldığı qəzadır. Həmin hadisə bu il mayın 28-də Bərdə-Mingəçevir yolunun Yevlax rayonundan keçən hissəsində baş verib. Belə ki, Bərdə sakini, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobil Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər. Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. 20 yaşlı sürücü qəzadan sonra yaralı halda “Yuxarı Qarabağ” kanalına düşüb və onun meyiti 3 gün aparılan axtarışlardan sonra iyunun 1-də tapılıb.

Qeyd edək ki, yayılan görüntülərdən V.İsmayılzadənin avtomobili sürətlə idarə etməsi və manevr qaydalarına əməl etməməsi görünür.

Nizam Rza

Həssas məzmun olduğunu nəzərə alaraq ürəyi zəif olanlara videonu açmamağı tövsiyə edirik: