Pakistanın Xeybər-Paxtunxva əyalətində polis postuna edilən terror hücumu nəticəsində 14-ü təhlükəsizlik əməkdaşı olmaqla 15 nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Ordusunun Mətbuat Xidmətindən (ISPR) bəyanat yayılıb.
Hərbi idarənin məlumatına görə, cümə günü səhər saatlarında baş verən hücum ölkədə qadağan olunmuş “Taliban” hərəkatının (“Tehreek-e-Taliban Pakistan”) üzvlərindən ibarət “Fitnə-əl-Xavaric” qruplaşması tərəfindən həyata keçirilib.
Bəyanatda qeyd olunur ki, terrorçular ilk olaraq polis məntəqəsinin perimetrini yararaq içəri daxil olmağa cəhd göstəriblər, lakin hərbçilərin sürətli və qətiyyətli cavabı ilə 15 terrorçu yerindəcə məhv edilib. Buna baxmayaraq, hücum edənlər partlayıcı ilə dolu avtomobili postun ətraf divarına çırpıblar.
“Partlayışın gücündən keçid məntəqəsinin infrastrukturu ciddi zərər görüb. Nəticədə 12 hərbçi, 2 polis əməkdaşı və 1 Meşə təsərrüfatı departamentinin rəsmisi olmaqla 15 şəxs şəhidlik zirvəsinə ucalıb”, – deyə ISPR-dən bildirilib.
Qeyd edək ki, hazırda ərazidə digər terrorçuların izlənilməsi və zərərsizləşdirilməsi məqsədilə genişmiqyaslı təmizləmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, keçən həftə də təhlükəsizlik qüvvələri həmin əyalətin Bannu bölgəsində keçirilən əməliyyatlar zamanı 24 terrorçunu məhv etmişdi.
Son xəbərlər
Son Xəbərlər