Paşinyan Aİ-yə üzvlük müraciətinin tarixini açıqladı

pasinyan-ai-ye-uzvluk-muracietinin-tarixini-aciqladi
Oxunma sayı: 508

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciətini 2027-ci ildə və ya 2028-ci ildə təqdim edə biləcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Euronews” telekanalının təşkil etdiyi “Aİ-nin genişlənməsi üzrə 2026-cı il sammiti”ndə danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib və sənəd hazırda qüvvədədir:

“Bu addımın əsas məqsədi ölkə və xalq üçün alternativ yaratmaq olub. Aİ-də genişlənmə ilə bağlı siyasi iradənin gücləndiyinə dair müəyyən əlamətlər görürük və bu səbəbdən Ermənistanla qurumun gözləntiləri üst-üstə düşə bilər”.

O, Avropa istiqamətində siyasətin digər mühüm səbəbinin ölkədə demokratiyanı qorumaq, islahatları dərinləşdirmək və demokratik institutları möhkəmləndirmək olduğunu vurğulayıb:

“Müstəqillik dövrü ərzində Aİ demokratik islahatlar sahəsində Ermənistanın əsas tərəfdaşlarından biri olub”.

Aİ-yə üzvlük üçün müraciətin nə vaxt ediləcəyi ilə bağlı suala cavabında baş nazir bildirib ki, bu məsələdə yalnız texniki addım atmaq deyil, həm də Avropa tərəfdaşları ilə siyasi dialoq aparmaq vacibdir:

“Hazırda əsas diqqət viza rejiminin liberallaşdırılması üzrə dialoqa yönəlib. Ermənistan 2029-cu ildə vizasız rejimə nail olmağı hədəfləyir. Bu, Aİ ilə münasibətlərin inkişafında növbəti mühüm mərhələ olacaq. Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər indiyədək ən yüksək səviyyədədir”.