Prezident iranlı naziri qəbul etdi - Foto

prezident-iranli-naziri-qebul-etdi
Oxunma sayı: 1529

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.

Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

Qonaq ilk növbədə İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiq xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.