Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

prezident-yeni-sefirleri-qebul-etdi
Oxunma sayı: 1625

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.

Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Maria K.Papakonstantinus ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Səfir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunub.

Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezidenti İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırladı, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlət başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.

Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezidenti İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxunub. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirirək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.

Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsəsələri müzakirə edilib.

Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes ələqalərinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirilib.

***

Prezidenti İlham Əliyev bu gün Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Salli-Ann Vinsent bir müddət əvvəl ölkəmizdə olduğunu məmnunluqla xatırlayıb, əlaqələrimizin genişləndirilməsi üçün səylə çalıcağını qeyd edib.

Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlət başçısının Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə göndərdiyi məktuba görə minnətdarlığını ifadə edib.

COP29 çərçivəsində Azərbaycanla Avstraliya arasında qurulmuş əməkdaşlıqdan danışan səfir bu tədbirdə ölkəsinin böyük nümayəndə heyəti ilə təmsil olunduğunu xatırlayıb. O, həmçinin Avstraliya və Türkiyənin COP31 tədbirini keçirməsi məsələsinə toxunaraq, bu xüsusda Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirib.

Salli-Ann Vinsent bu il Azərbaycanın BMT-nin ən mötəbər tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayaraq, Avstraliyanın bu tədbirdə də geniş nümayəndə heyəti ilə təmsil olunacağını deyib.

Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulandı. Gələn il diplomatik münasibətlərimizin 35-ci ildönümünün qeyd ediləcəyi bildirilib.