2026-cı il Dünya Çempionatının F qrupunda İsveç millisi Tunis üzərində inamlı qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Qraham Potterin komandası Meksikanın Qvadalupe şəhərində keçirilən qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edərək qrupda liderliyə yüksəlib.
İsveç hesabı artıq 7-ci dəqiqədə açıb. Mərakeş və Tunis əsilli yarımmüdafiəçi Yasin Ayari cərimə meydançası kənarından vurduğu baxımlı qolla komandasını önə keçirib.
Skandinaviyalılar 30-cu dəqiqədə fərqi artırıblar. Aleksandr İsakın dəqiq zərbəsi hesabı 2:0-a çatdırıb.
Tunis ilk hissənin sonlarında fərqi azalda bilib. Hannibal Mejbrinin ötürməsindən sonra Omar Rekik baş zərbəsi ilə topu qapıdan keçirərək hesabı 2:1 edib.
Lakin ikinci hissədə üstünlüyünü davam etdirən İsveç 59-cu dəqiqədə yenidən fərqi iki topa çatdırıb. Viktor Gyökeres komandasının üçüncü qoluna imza atıb.
Matçın sonlarında oyuna sonradan daxil olan Mattias Svanberq hesabı 4:1 edib. Qarşılaşmanın yekun nəticəsini isə Yasin Ayari müəyyənləşdirib. O, ikinci qolunu vuraraq İsveçin 5:1 hesablı qələbəsini rəsmiləşdirib.
Son xəbərlər
Son Xəbərlər