Ermənistanda keçirilən son parlament seçkilərində qeydə alınan ən ciddi problemlərdən biri siyasi repressiya xarakterli tədbirlər oldu.
Hakim komandaya rəqib olan siyasi qüvvələrin fərqli ittihamlar əsasında hüquqi araşdırmalara‑istintaq proseslərinə cəlb edilməsi, bir çox hallarda isə barələrində həbs qətimkan tədbirlərinin seçilməsi sistemli xarakter daşıdı. Hüquq-mühafizə orqanlarının siyasi təzyiq aləti kimi istifadə edilməsinin nəticəsidir ki, müxalif siyasi qüvvələr 7 iyun seçkisi üzrə tammiqyaslı kampaniya aparmaq imkanından məhrum oldular.
Şərti olaraq “seçki həbsləri” adlandırılan bu proses seçki kampaniyasının rəsmi elan edildiyi andan başlayaraq, səsvermə gününə qədər davam etdi. Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaahn Ovakimyanın iyunun 7-də keçirilən ilk mətbuat konfransında səsləndirdiyi məlumatlardan aydın olur ki, hətta iyunun 6-da-səsverməyə bir neçə saat qalmış da hüquq-mühafizə orqanları tərəfindən həbslər həyata keçirilib. 2 məntəqə seçki komissiyasının (MnSK) sədri və bir komissiya katibi istintaqa cəlb olunub. Rəsmi məlumatda bu həbslər “seçicilərin pulla ələ alınmasına və digər hüquq pozuntularına şərait yaratmaq”la izah edilir. Amma faktlar və təhlillər fərqli mülahizələr formalaşdırır.
Alternativ monitorinq mərkəzlərinin hesabatlarında qeyd edilir ki, hüquq-mühafizə orqanlarının seçkiqabağı proses çərçivəsində “zərərsizləşdirdiyi” lider şəxslərin sayı rəsmi açıqlamalarda 44 nəfər göstərilir. Lakin, Daxili İşlər Nazirliyindən qaynaqlanan bu rəqəm reallığı əks etdirmir. Müxalif yönümlü ekspertlər qeyd edirlər ki, seçki prosesinin iştirakçısı olan “lider şəxslər” sırasından hüquqi məsuliyyətə cəlb edilənlərin sayı 50 nəfər, hüquqi araşdırmaya cəlb edilən ümumi seçki fəallarının sayı isə 1000 nəfərdən çoxdur. Sübut olaraq göstərirlər ki, təkcə bir gün ərzində-iyunun 5-də saxlanılan, özləri də müxalifət təmsilçisi olan şəxslərin sayı 27 nəfərdir. İyunun 6-da isə “Güclü Ermənistan” blokunda təmsil olunan, özləri də parlament seçkisində namizəd kimi təsdiq almış 6 nəfər saxlanılıb.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bu seçkilərdə əsas rəqibi olan “Güclü Ermənistan” partiyasının lideri, eyni zamanda baş nazir postuna alternativ namizəd kimi təqdim edilmiş Samvel Karapetyan isə “dövlət çevrilişinə cağırış” ittihamı ilə seçki kampaniyasının başlanğıc mərhələsində-2025-ci ildə “zərərsizləşdirilib”. Beləliklə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının əsas rəqiblərinin seçkidə iştirak imkanları hüquq-mühafizə orqanlarının gücündən istifadə olunmaqla məhdudlaşdırılıb.
Monitorinq mərkəzləri qeyd edirlər ki, mövcud hakimiyyət “seçki həbslərini” fərqli adlar altında, ayrı-ayrı əməliyyatlar kimi həyata keçirib. Beləliklə, ictimai rəyi çaşdırıb, öz hərəkətlərinin “seçki zorakılığı” kimi görünməsinin qarşısını alıb. Məsələn, “Güclü Ermənistan” blokundan parlamentə namizəd olan Vaage Tavakalyan, Hayk Avakyan, Vahag Yeghiazaryan, Artur Abrahamyan, Ashot Sahakyan rəsmi ittihamlarda “iri həcmdə pul yuyulması əməliyyatı”nda şübhəli bilinərək saxlanılıblar. Hansı ki, həbslərin real səbəbi parlamentə düşmək şansı olan bu şəxslərin inzibati yolla sıradan çıxarılmasıdır.
Monitorinq mərkəzlərinin məlumatına görə, Ermənistan İstintaq Komitəsi həmin 6 nəfər namizədi “zərərsizləşdirməklə” kifayətlənməyib. Onların potensil dəstəkçisi hesab olunan digər 90 nəfərə yaxın seçki fəalını da “pulla ələ alınmış seçici” adı ilə hüquqi araşdırmaya cəlb ediblər. Beləliklə, “seçki məhbusları” barədə danışılarkən, söhbət 44 nəfər lider şəxsdən deyil, onların aktiv dəstəkçisi olan 1000-lərlə insanın hüquqi araşdırmaya cəlb edilərək qorxudulmasından gedir: “Sadəcə, Ermənistan hakimiyyəti hələlik həbs edilənlər üzrə yekun rəqəmləri açıqlamadığı üçün sayı tam dəqiqləşdirmək mümkün olmur”-deyə, hesabatlarda bildirilir.
Problem ondadır ki, barəsində hüquqi ölçü götürülərək “zərərsizləşdirilən” şəxslərin hamısı Nikol Paşinyan komandasına müxalif mövqedə dayanan siyasi qüvvələrin nümayəndələridirlər. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda son parlament seçkilərində 18 siyasi qüvvə-16 partiya və 2 siyasi blok iştirak edib. Onların arasında əsas rəqabət Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası, Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” bloku və Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku arasında gedib. Baş nazir bu seçkilərdə öz komandasının qələbəsini təmin etmək üçün dövlətin bütün inzibati resuralarından, o cümlədən, hüquq mühafizə orqanlarından istifadə edib.
Təkcə hüquq-mühafizə orqanaları deyil, təhsil və tibb işçiləri də saxtakarlığa cəlb ediliblər
Hakim partiya seçki kampaniyası çərçivəsində təkcə hüquq mühafizə orqanlarını deyil, digər inzibati resursları da öz maraqları naminə istismar edib. Ölkə mediası buna dair faktları ictimailəşdirib. “Daily Armenia” saytı məktəb direktorlarının və təhsil işçilərinin hakim partiyanın kampaniyasına məcburi qaydada cəlb olunmasını, buna etiraz olaraq bir neçə məktəb direktorunun istefa verməsini əks etdirən geniş reportaj yayımlayıb. Reportajda vurğulanır ki, inzibati dövlət idarələri ilə yanaşı sosial obyektlər, təhsil müəssiləri, səhiyyə obyektləri də Nikol Paşinyanın seçki kampaniyasında iştiraka məcbur ediliblər .
Ermənistan media qurumları Paşinyan komandasının seçki çərçivəsində yol verdiyi pozuntuları, o cümlədən, rəqiblərə qarşı həyata keçirilən siyasi represiyyaları, inzibati resursların istifadəsini, media manipulyasiyalarını hərətərəfli formada təhlil edirlər. Bu kontekstdə onlar “Vətəndaş Müqaviləsi” partiyasının seçiciləri ələ almaq üçün işlətdiyi fəndlərə də diqqət çəkirlər. Məmurların regionlarda səslərin satın alınması üçün hər seçiciyə 10-25 dollar məbləğində “şirinlik paylaması” barədə xəbərlər media gündəminə çıxıb. Yuxarıda qeyd etdik ki, "Güclü Ermənistan" bloku rəsmi ittihamlarda “seçicilərin ələ almasında” şübhəli elan edilib. Blok təmsilçiləri 100-dən çox seçiciyə 100–500 min dram məbləğində rüşvət verilməsində təqsirli bilinirlər. İndiki məlumatlardan görünür ki, eyni hərəkətləri bir qədər fərqli formada hakim komanda üzvləri də tətbiq ediblər. Fərq bundadır ki, bir tərəf seçicilərə pulları “avro və dollar” ilə, digər tərəf isə “rubl”la paylayıb. Amma eyni cinayəti törətdiyinə görə “Güclü Ermənistan” bloku cəzalandırılır, “Vətəndaş Müqaviləsi” partiyası isə ödülləndirilir.
Bütün bu faktları təhlil edən alternativ mərkəzlər deyirlər ki, Ermənistanda “son 30 ilin ən pis seçkilərindən biri” keçirilib. Amma bu “ən pis seçki” Qərb institutları tərəfindən “ən demokratik seçki” kimi qələmə verilir.
Qərb institutlarının ikibaşlı oyunları
Yeri gəlmişkən qeyd edək ki, media subyektlərinin seçki saxtakarlıqlarını üzə çıxarıb ifşa etmələri onlar üçün asan olmur. Ermənistanın parlament seçkisi söz və ifadə azadlığı kontekstində də mənfiyə düşür. Hətta “Sərhədsiz Reportyorlar” kimi ermənipərəst təşkilat da bildirir ki, “Ermənistanda jurnalistlər tez-tez hakim partiya rəsmiləri tərəfindən təzyiqlərə, təhqirlərə və zorakılığa məruz qalırlar. Bu təzyiq və təhdid halları həm idarələrdə, həm parlamentdə, həm də küçələrdə baş verir, amma cəzasız qalır”.
“Fairplanet” portalı beynəlxalq müşahidəçilərə istinadən yazır ki, seçki prosesini işıqlandıran media ölkədə kəskin siyasi qütbləşmədən əziyyət çəkir. “Hər kəs mediaya təzyiq göstərərir. Seçki kampaniyası dövrdə müxalif media nümayəndələrinə qarşı açılan hüquqi tədbirlər medianın sərbəst fəaliyyətinə narahatlıq yaradır”.
Paradoksal olan budur ki, “Sərhədsiz Repartyorlar” Ermənistanda mediaya təzyiqləri sadalayır, söz və ifadə azadlığının basqı altında olduğunu göstərən nümunələri qeyd edir, amma sonucda ölkənin adını “demokratiyanın yüksək olduğu” dövlətlərin sırasında yerləşdirir. Belə riyakarlıq təkcə “Sərhədsiz Repartyorlar”ın deyil, ümumilikdə Qərb institutlarının xarakateridir. Həmin xarakter 7 iyun parlament seçkilərini izləmiş müşahidə institutlarının fəaliyyətində daha qabarıq formada görünür.
Qərb institutlarının, xüsusilə, Qərbdə məskunlaşmış seçki müşahidə mərkəzlərinin və Qərb mediasının fəaliyyəti Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Onların fəaliyyəti təhlil olunarkən, məsələyə ikili standartlarla yanaşdırları ortaya çıxır. Məlum olur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, AŞPA və Avropa Parlamenti Ermənistandakı seçki pozuntularına göz yumurlar. Hakim komanda tərəfindən törədilmiş qanun pozuntularını qeydə alıb neqativ dəyərləndirmək əvəzinə, bu pozuntuları “mövcud geopolitik gərginliklərin təzahürü” kimi şərh edərirlər və nəticə olaraq Nikol Paşinyan komandasına haqq qazandırmağa çaılışırlar.
ODIHR-in ( Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) 22 may tarixli aralıq hesabatına baxarkən görünür ki, reallıqda “Vətəndaş Müqaviləsi” Partiyasının “Güclü Ermənistan” blokuna qarşı həyata keçirdiyi seçki repressiyası tənqid edilmək əvəzinə, bu repressiyalar “qütbləşmənin yüksək olması” və “alternativ qüvvələrin iştirakına şərait yaradılması” kimi təsvir edilib, müsbət dəyərləndirilib, Paşinyanı haqlı çıxarılmasına təşəbbüs göstərilib.
Hesabatın qüsurları bununla bitmir. O, “seçki həbsləri”nin üzərindən keçir, mediaya qarşı təzyiqlərə ümumiyyətlə toxunmur, inzibati resursların birtərəfli qaydada istismarına isə loyal yanaşır. ODİHR hesabatı “rəqib üçün yaradılmış” hansı şəraitdən bəhs edir? Hakim komandanın rəqib blokdan olan namizədləri həbsə atdırması, onların seçicilərini cinayət araşdırmasına cəlb etməsi, səsvermə üçün Rusiyadan gələn vətəndaşları hava limanında hərbi uçota aldırıb toplanışa göndərməsi “alternativ qüvvəyə şərait yaratmaq”dırmı?
Avropa mediası seçki saxtakarlığına dəstək oldu
Qərb seçki institutlarının bu cür riyakar davranışları Qərb media qurumları tərəfindən də dəstəklənir və tamamlanır. Məsələn, Reuters yazır ki, “Ermənistan hakimiyyəti Rusiyapərəst müxalifət partiyasının altı namizədini şənbə günü həbs edib. Onlar hakimiyyət çevrilişi təşəbbüsündə ittiham olunaraq ev dustağı edilmiş rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan partiyasındandırlar”
Göründüyü kimi, Qərb mediası seçki fəallarının, deputatlığa namizədlərin həbsə salınmasını haqlı sayır o baxımdan ki, məsuliyyətə cəlb edilən şəxslər Rusiyadan dəstək alırlar. Əgər xarici dövlətdən seçki üzrə dəstək almaq cinayətdirsə, bəs eyni məntiq nə üçün Qərbdən dəstək alan siyasi qüvvələrə, yəni, “Vətəndaş Müqaviləsi” Partiyasının təmsilçilərinə şamil edilmir? Qərb özü konkret bir partiyanın-Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi”nin lehinə təbliğat aparmadımı? Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı Yerevanda bu məqsədlə keçirilmədimi? ABŞ rəsmiləri seçkiyə bir neçə gün qalmış Yerevana gəlib Paşinyana “mühafizə qlafı” geyindirmədimi?
Əlbəttə, Rusiya seçkilərə müdaxilə etməyə təşəbbüs göstərib. Öz ərazisində yaşayan erməni mənşəli şəxsləri Ermənistana göndərib, seçkinin nəticələrini öz namizədinin xeyrinə dəyişməyə çalışıb. Bu cür müdaxilələr pislənməlidir. Amma eyni davranışı axı Qərb də sərgiləyib. O da seçkilərə müdaxilə edib, Paşinyanın nəfinə təbliğat aparıb. Yəni, Qərb institutları Paşinyan komandasının yol verdiyi seçki pozuntularına şüurlu şəkildə göz yumurlar. Görəsən, başqa bir ölkədə seçkilər bu tip pozuntularla keçsəydi, Qərb institutları nə deyərdilər?
Deyə bilərik ki, 7 iyun seçkiləri təkcə Ermənistan parlamentinin tərkibini deyil, həm də Qərb institutlarının simasını müəyyən etdi.
Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü