Cənubi Koreya məhkəməsi “SK Group”un sədri Çey Tae-vonun boşanma işi üzrə keçmiş həyat yoldaşı Roh So-yonqa təxminən 644 milyon dollar ödəməsinə qərar verib. Ölkədə “əsrin boşanması” kimi tanınan məhkəmə prosesi illərdir həm ictimaiyyətin, həm də iş dünyasının diqqət mərkəzində idi.
“Qafqazinfo”nun “Yonhap” agentliyinə istinadən məlumatına görə, məhkəmə 1988-ci ildə ailə quran və üç övladı olan tərəflər arasında əmlak bölgüsü ilə bağlı yekun qərarını açıqlayıb.
Boşanma prosesi 2015-ci ildə Çey Tae-vonun qəzetdə açıq məktub dərc etdirərək, nikahdankənar münasibətdə olduğunu və həmin münasibətdən bir övladının dünyaya gəldiyini etiraf etməsindən sonra başlayıb.
İş adamı məktubunda evliliyinin geridönülməz şəkildə başa çatdığını bildirərək boşanmaq istədiyini açıqlasa da, Roh So-yonq əvvəlcə buna razılıq verməyib.
Sonradan tərəflər arasında hüquqi mübarizə milyardlarla dollarlıq əmlak bölgüsünə çevrilib.
Cənubi Koreyanın keçmiş Prezidenti Roh Tae-vunun qızı olan Roh So-yonq Çey Tae-vonun “SK Group”dakı səhmlərinin də bölüşdürülməsini tələb edib.
Əvvəlki məhkəmə instansiyası iş adamının keçmiş həyat yoldaşına təxminən 1 milyard dollar ödəməsi barədə qərar çıxarsa da, Cənubi Koreya Ali Məhkəməsi həmin qərarı ləğv edərək, işi yenidən baxılması üçün aşağı instansiyaya qaytarmışdı.
Məhkəmədə əsas mübahisə Çey Tae-vonun sərvətinin hansı tarix üzrə qiymətləndirilməsi olub.
Süni intellekt texnologiyalarına artan tələbat fonunda “SK Group”un törəmə şirkəti olan “SK Hynix”in səhmlərinin rekord həddə bahalaşması aktivlərin dəyərini əhəmiyyətli dərəcədə artırıb.
Roh So-yonqun vəkilləri hesablamaların hazırkı bazar qiymətləri əsasında aparılmasını tələb ediblər. Çey Tae-vonun müdafiəçiləri isə daha əvvəlki qiymətləndirmələrin əsas götürülməli olduğunu bildiriblər.
Çey Tae-vonun uzun illər birlikdə olduğu Kim Hi-yonqla bağlı ayrıca məhkəmə prosesi də keçirilib.
Roh So-yonqun qaldırdığı mənəvi zərər iddiasını təmin edən məhkəmə Kim Hi-yonqun nikahdankənar münasibət səbəbindən Roh So-yonqa təxminən 1,5 milyon dollar təzminat ödəməsinə qərar verib.
Çey Tae-von və Roh So-yonq 1988-ci ildə, Roh Tae-vunun prezident seçilməsindən qısa müddət sonra Seuldakı Mavi Evdə evləniblər. Həmin dövrdə mətbuat bu nikahı “əsrin toyu” adlandırıb.
İllər sonra başlayan boşanma prosesi isə Cənubi Koreyanın siyasi elitası ilə ölkənin ən böyük korporativ qruplarından birinin rəhbərini üz-üzə gətirən və ölkə tarixinin ən çox müzakirə olunan hüquqi çəkişmələrindən birinə çevrilib.



Son xəbərlər
Son Xəbərlər