Portuqaliyanın məşhur Arrabida çimərliklərində vəhşi qabanların dincəlməyə gələnlərin yeməklərini oğurladığı görüntülər gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda heyvanların insanların yerə sərdiyi dəsmallara yaxınlaşaraq qida axtardıqları əks olunub.
Məlumata görə, Serra da Arrabida bölgəsində vəhşi qabanlara rast gəlinməsi artıq adi hala çevrilib. Xüsusilə yay aylarında turistlərin çox olduğu çimərliklər heyvanlar üçün asan qida mənbəyinə çevrilir. Dənizə girən insanların nəzarətsiz qoyduğu yeməklər və qida qalıqları qabanları sahilə cəlb edir.
Son görüntülər Portinho da Arrabida çimərliyində qeydə alınıb. Kadrlarda vəhşi qabanların ətrafda heç kim olmadığı anda dəsmallara yaxınlaşaraq yeməkləri götürdüyü görünür.
Setubal rayonunda yerləşən Portinho da Arrabida, Creiro və Galapinhos çimərlikləri vəhşi qabanların ən çox müşahidə edildiyi ərazilər sırasındadır. Arrabida dağlarının ətəyində yerləşən Qalapinyos çimərliyi bu baxımdan xüsusilə diqqət çəkir.
2017-ci ildə Avropanın ən gözəl çimərliyi seçilən Galapinhos son illərdə minlərlə xarici turist qəbul edir. Yerli sakinlər vəhşi qabanların sahilə enməsinə öyrəşsələr də, turistlər üçün bu qarşılaşmalar hələ də gözlənilməz və narahatlıq doğuran hadisə hesab olunur.
Son xəbərlər
Son Xəbərlər