“Qadın həyatını elə qurmalıdır ki, onun videosu yayılmasın”

qadin-heyatini-ele-qurmalidir-ki-onun-videosu-yayilmasin
Oxunma sayı: 3585


- Siz neçə illərdir ki, insan haqlarının müdafiəsi sahəsində çalışırsınız. Bu da elə bir sahədir ki, insanlar ən çox ictimai -sosial həyatda  hüquqlarının tapdalanmasından narazıdırlar. Son dövrlərdə bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?

-Biz bu işə başlayanda hüquq müdafiəçisi kimi yox, vətəndaş mövqeyində çıxış edirdik.  Sonradan bu işlə məşğul olan şəxslər Polşada insan haqları ilə bağlı məktəbdə təlim keçdilər. Həmçinin onların nümayəndələri burada seminarlar təşkil edirdilər. Bu gün bizim gənclər arasında, rayonlarda apardığımız maarifləndirmə işlərinin səbəbi odur ki, hər kəs öz haqqını bilsin, onu müdafiə etsin və digər vətəndaşlara da bu işdə yardım edə bilsin. Konstitutsiya, qanunlarla təmin olunan haqqları müdafiə etmək üçün də məhkəmələrə müraciət olunmalıdır. Çünki məhkəmə insan haqlarının qorunmasını təmin edən bir orqandır. Azərbaycanda bu gün müstəqil məhkəmə sisteminə böyük ehtiyac var. Bununla yanaşı, vəkillik institutu da inkişaf etməlidir. Regionlarda vəkillərin sayı çox azdır və bugünkü vəkillərin fəaliyyəti cəmiyyətin tələblərinə cavab vermir.  İstərdim ki, bizim vəkillər xaricdə də tanınsınlar. Onlar müdafiə etdikləri şəxslərlə məhkəmə arasında vasitəçilik xidməti deyil, vəkillik fəaliyyətlərini peşəkarcasına yerinə yetirməlidilər və bunun müqabilində  normal qazanc əldə etməlidirlər. Hüquq müdafiəçisi olmaq istəyən şəxs birinci növbədə öz fəaliyyətini şəffaf qurmalıdır, özünə qarşı əsassız subyektiv yanaşmalara hazır olmalıdır, obyektivliyini hər zaman qoruyub saxlamalıdır.

-Siz vəkillərin fəaliyyətindən narazı olduğunuzu vurğuladınız. Amma son dönəmlərdə bir neçə vəkillər var ki, onlar ictimai siyasi proseslərlə bağlı məhkəmə hadisələrində aktivlik nümayiş etdirirlər. Bu nöqteyi-nəzərdən sizi heç bir vəkilin fəaliyyəti qane etmir?

- Düzdür, bir neçə işlər oldu ki, orada vəkillərimiz məşhurlaşdı. Mən isə istərdim ki, vəkillər adi işlərdə məşhurlaşsınlar. Mülkiyyət məsələləri ilə bağlı işlərdə uğur qazansınlar. Və çox istərdim ki, gurultulu işlərdə tanınan vəkillərin adını mən yox, xalqım çəksin. 

- Azərbaycanda insanlar ən çox məhkəmələrin çıxardığı qərardan narazıdır. Hakimləri düzgün qərar çıxarmamaqda ittiham edir. Bu problem necə həll olunmalıdır?

-Məhkəmə sisteminə ümumi baxış dəyişməlidir. Bu gün nə qədər hakim işdən çıxarılıb. Bunların hamısını da işdən çıxartmaq mümkün deyil axı. Hakimlərin işinə nəzarət etmək üçün Məhkəmə hüquq şurası da yaradılıb. Hakimlər işini o qədər obyektiv aparmalıdılar ki, onlardan edilən əsaslı şikayətlərin sayı azalsın və tədricən yox olsun. Əsassız şikayətlər dedikdə isə onu demək istəyirəm ki, bəzi hallarda çıxarılan qərarlar qanunvericiliyə uyğun olsa da vətəndaşlar tərəfindən qəbul olunmur. Qeyd edim ki, hakimlərin işindən şikayətlər həmişə olub. Sifarişli işlərin hələ də mövcudluğu narahatçılıq doğurur. Biz deyirik ki, regionlarda hansısa məmurun sifarişi ilə insanlar həbs olunmasın. Məsələn, son olaraq Taleh Xasməmmədovun adını çəkə bilərəm ki, məlum yazılarının KİV-də işıqlandırılmasından sonra o saxlanılıb. Məhkəmələrdən danışarkən məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə toxunmamaq mümkün deyil. Bu sahədə problemlər mövcuddur. Bizə olan müraciətlərin təhlili göstərir ki məhkəmələrin mülki proseslərdə tərəflərin vətəndaşlar olduğu işlərdə çıxartdığı qərarlar əsasən icra olunur. Amma vətəndaşın dövlət strukturundan şikayəti məhkəmə tərəfindən təmin olunsa da onun icra prosesi  çox çətin gedir.

 -Bizdə hüquq müdafiəçiliyi sistemini də bir iqtidar və müxalifət anlayışlarına bölüblər. Siz özünüzü hansında görürsünüz?

- Hesab etmirəm ki, iqtidarın hüquq müdafiəçisi ola bilər. Hüquq müdafiəçiləri hüquqları pozulan insanları müdafiə edirlər. Qanunu pozanlar da əsasən müəyyən səlahiyyətlərə malik məmurlar olur. Hüquq müdafiəçisi heç müxalifət də olmamalıdır. Hüquq müdafiəçisinin sözü məmurla üst-üstə düşməyəndə o zaman  məmur hüquq müdafiəçisini müxalifətçi adlandırır. Özümü obyektiv hesab edirəm. Bu gün mən müxalifətin də, iqtidarın da nədə haqlı olub-olmadığını deyirəm.

- Ölkədə hazırda qadınların hüquqları ilə bağlı məsələ nə yerdədir? Özlərini müdafiə edə bilirlərmi?

- Qadınların bir qismi artıq öz hüquqlarını müdafiə edə bilirlər. Bu gün qadınların müdafiə edilməsi ilə bağlı normal qanuni baza yaranıb. Erkən nikahlara cəlb etmənin qarşısını almaq üçün təhsilin, ailənin rolu böyükdür. Adətən uşaqlar ailədə gördüklərini sonradan tətbiq edirlər. Belə məsələlərdə ictimaiyyətlə yanaşı fəaliyyət göstərən sahə müvəkkilləri də aktiv olmalıdır. Qadın hüquqlarının pozulmasının qarşısını alınması üçün böyük imkanlar var. Sadəcə olaraq onlardan istifadə etmək lazımdır. Buna baxmayaraq bu sahədə problemlər hələ də qalmaqdadır.

-İctimai -siyasi həyatda aktiv olan qadınların bəzən şəxsi həyatı ilə bağlı videoları çəkib internetə yerləşdirirlər.  Bizdə bu cür hadisələrdə qadınların üzərinə çox gedilir, təqsirləndirilir. Amma başqa ölkələrdə bu kimi hallardan reklam vasitəsi kimi yararlanırlar. Sizin bu hallarla bağlı düşüncələriniz necədir? 

-Bu çox həssas məsələdir. Məsələn, biz bu gün istəyirik ki, qərar qəbuletmə orqanlarında, bələdiyyələrdə, Milli Məclisdə qadınların sayı çox olsun. Biz bu istiqamətdə maarifləndirmə işlərini aparırıq. Siyasi partiyalarda da qadınlarının rolunun artmasını istəyirik. Qadınlar da lider olmağa çalışmalıdır. Hər bir liderin həyatı isə şəffaf olmalıdır. Siz indi qeyd edirsiniz ki , bəzi qadınların videosu çəkilib. Öndə olan qadınlar belə məsələlərdə hər şeyi nəzərə almalıdırlar. Mən nə qədər demokrat olsam da, qadın və kişilərin ailə məsələlərində sadiq olmasının tərəfdarıyam. Mən özümə sığışdırıb o videolara indiyə kimi də baxmamışam. Mənim fikrimcə ictimai şəxsin şəxsi həyatı cəmiyyət üçün şəffav olmalıdır, örnək olmalıdır və atdığı atdımların məsuliyyəti daşınmalıdır. Əvvəla qadın bu işləri etməməlidir, ikincisi onu çəkməməlidirlər, üçüncüsü isə bu cəmiyyət arasında yayılmamalıdır.  Bu gün şəxsi həyatları ilə məşhur olan insanlar siyasi arenalarda yoxdur. Heç bir ölkə bunu qəbul etmir. Məsələn, Amerikada belə məsələlərə həssas yanaşırlar. Kiminsə şəxsi həyatı ilə  bağlı skandal olanda bu onun  istefasına gətirib çıxarır. Böyük siyasi fəaliyyətlə məşğul olan şəxs həyatını elə qurmalıdır ki, onun haqqında o tip video yayılmasın.  Çox vaxt televiziyalarda görürük ki, elə adamlar ailə dəyərlərindən danışırılar ki, heç özlərində yoxdur.  Cəmiyyətdə tanınmış adamların şəxsi həyatı hər kəs üçün şəffaf olmalıdır.

- Sosial şəbəkələrin istifadəçisi deyilsiniz. Səbəbi nədir?

-Mən sosial şəbəkələri qəbul edə bilmirəm. Biz İşçi Qrupun üzvləri olan Novella, Səidə xanım sosial şəbəkələrdə aktivlik göstərmirik. Amma orada gedən prosesləri izləyirik. Bir adam bir neçə saxta profildən çıxış edərək mövqelər bildirir. Orada yazılanlar üçün heç kim məsuliyyət daşımadığına görə yazılanları ciddi qəbul etmirəm. Amma KİV-lərdə sözünü deyəndə onun məsuliyyətini də daşıyırsan. Mən gördüm ki  tanıdığım insanlar həyatda bir- birinə demədiyi sözləri facebookda bir-birinə deyirlər. Bundan əlavə, aktiv istifadəçi olmaq üçün vaxtım da yoxdur.

- Qonşu Türkiyənin ictimai-siyasi həyatında hər hansı hadisələr baş verəndə hüquq müdafiəçiləri aktivlik nümayiş etdirirlər. Bizim hüquq müdafiəçilərində isə bu aktivlik hiss edilmir. Sizcə niyə?

- Mən bununla razılaşmıram. Hər hansı hadisələrdə biz öz fikrimizi də deyirik, qadın kimi müdafiə də edirik. Məsələn, siz Türkiyəni misal göstərirsiniz. Dəniz Baykalın istefa məsələsi ilə bağlı olaylarda hansı hüquq müdafiəçisi onu müdafiə etdi? Hansı müxalifət müdafiə etdi? Bizdə isə şəxsi həyatları ilə bağlı məsələlərlə gündəmə gələn şəxslər müdafiə olundu.

 -Sizinlə eyni yaş kateqoriyasında olan bir neçə tanınmış qadın hüquq müdafiəçisi var. Məsələn, Novella Cəfəroğlu hadisələrə, haqqında deyilənlərə yeri gəldikdə sərt reaksiya verir. Siz isə bir qədər yumşaq mövqe sərgiləyirsiniz. Bu nədən irəli gəlir?

- Mənim mövqeyim heç də yumşaq deyil. Novella xanım sərt reaksiya verir, bunu mediada bildirir. Mən 1988- ci ildən bəri ictimai-siyasi həyatda baş verən hadisələrin hamısının içərisində olmuşam. Hər kəsi də çox yaxşı tanıyıram. Mən hərdən Novella xanıma deyirəm ki, sən deyirsən, amma sonra bağışlayırsan. Mən isə bağışlamıram. Ona görə özümü saxlayıram ki, nə dil kəsim, nə də sonradan bağışlayım.

- Sizin həbsdə olan həmkarlarınız var. Leyla Yunus, İntiqam Əliyev və s . Onlarla görüşmüsünüz?

-Allah hamısının qapısını açsın. Mən İntiqam Əliyevlə görüşməmişəm. Ona hörmət edirəm, hüquqşünas kimi yüksək qiymətləndirirəm.  Mən bütün vətəndaş cəmiyyəti nümayəndələrini azadlığa çıxmasını istəyirəm. Ona görə ki, belə insanlar azadlıqda olmalıdırlar. Mən Leyla xanımın yanında olmuşam. Onun səhhəti ilə bağlı bizə də müraciət etmişdilər. Mən İctimai Komitənin üzvləri və həkimlərlə birgə onun yanına getdim.  O zaman Leyla xanım həkimlərin onu müayinə etməsinə razı olmadı.  Halbuki onlar Ədliyyə sisteminin işçiləri deyildilər, özlərinin texniki avadanlıqları ilə gəlmişdilər.  Sonradan Almaniyadan gələn həkim də onu müayinə etdi. Mən çox istərəm ki, onun səhhətində problem olmasın.

-Həbsdən olan həmkarlarınızdan Monitorinq Qrupunun fəaliyyəti barədə narazılıq eşidirsiniz?

-Eşitsək də, yenə də çalışacam ki, onların hüquqlarını müdafiə edim. Çalışacağıq ki, azadlığa çıxsınlar. Məsələn, bizim Leyla Yunusla fikir ayrılıqlarımız var. İntiqam Əliyevlə elə də fikir ayrılığım yoxdur. Onu korrupsiyada ittiham edirlər. O bir hüquqşünas kimi elə səhvlərə yol verməzdi.

- Ailədə sizin yolunuzu davam etdirən varmı?

- Yoxdur.  Amma bilirəm ki, yetişdirdiyimiz gənclər bu sahədə işimizi davam etdirəcəklər, bizim davamçımız, mövqelərimizin daşıyıcısı ola biləcəklər. Mənim barışmaz mövqelərim vardır. Heç vaxt 20 Yanvarı, Qarabağda həlak olan şəhidləri, mülki şəxsləri unutmaram. Bunun üçün məsuliyyət daşıyan qüvvələri də bağışlamaram. Burada proseslər özbaşına getmirdi. Qarabağ özbaşına onların əlinə keçməmişdi.

Mənim iki övladım var. Qızım hüquqşünasdır və bu sahədə çalışır.  Mənə də lazım olanda kömək edir. Oğlum isə iqtisadçıdır və sahəsi üzrə çalışır. Hər ikisi ailəlidir.

Günel Türksoy