Tarixi Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak edib:
“Onların həyata keçirdiyi layihələr sırasında Qız Qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır.
Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək.
Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib”.
Qeyd edilib ki, növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq:
“Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış #bərpa’sı həyata keçiriləcək. Qeyd edək ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.
Ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması bizim üçün prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir”.
Vurğulanıb ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib:
“Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir”.


Son xəbərlər
Son Xəbərlər