“Qanun qəbul olunub, amma reallaşması yetərli deyil...” - Yenilənib

qanun-qebul-olunub-amma-reallasmasi-yeterli-deyil
Oxunma sayı: 2163

“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.

“Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belə idi. Kifayət qədər tövsiyyələr qəbul olunur, amma niyə bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür?!

Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması ilə əlaqədar nə qədər faktlar sadalanıb. Bu, açıq şəkildə göstərir ki, qanun qəbul olunub, amma onun reallaşması mexanizmi yetərli səviyyədə olmadığı üçün həmin çatışmazlıqlar kifayət qədərdir”, - deyə deputat bildirib.

***

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirə zamanı deputat Əli Məsimlinin sualını cavablandırıb:

“Siz 10 il əvvəl də, 5 il əvvəl də bildirmişiniz ki, pozuntuların xüsusi çəkisi büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Hesab edirik ki, elə bu il də belə olacaq.

“Gələn ilin hansı formada dəyişib-dəyişməyəcəyinin proqnozunu verə bilmərik. Ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın dəyişilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi isə, fiskal intizamın zəifləməsi müşahidə edilir. Bunun əsas səbəblərindən biri isə yeni hüquqi bazanın olmaması, köhnənin isə mövcud fəaliyyəti tam tənzimləyə bilməməsindən irəli gəlir.

2024-cü ildə yeni satınalmaların bəzilərinə baxdıq, onlarla bağlı müəyyən təhlilləri hesabata salmışıq. Satınalmaların əksəriyyəti 2024-cü ilə qədər köhnə qanunu əhatə edirdi. 2024-cü il yeni bitib. Yeni qanun tətbiqi ilə bağlı çalışacağıq ki, 2025-ci ilin mayında yeni qanunun üstünlükləri əvvəlki müqayisəsi barədə analtik təhlil təqdim edək”.

Nuranə Daxilqızı