“Qarabağ”la bir-birimizi izləməyi dayandırdıq” - Aleksey İsayev

qarabagla-bir-birimizi-izlemeyi-dayandirdiq
Oxunma sayı: 727

“Heç kimdən inciməmişəm. Sadəcə, qarşılıqlı şəkildə bir-birimizi instaqramda izləməyi dayandırdıq. “Qarabağ”ın mənə qazandırdığı təcrübəyə görə minnətdaram. Orada hər kəs mənə böyük hörmətlə yanaşır, məni sevirdi. Onlara yalnız ən xoş arzularımı çatdırıram. Həmin komandada çoxlu dostum var və onların hər birini dəyərləndirirəm. Azərbaycanın bütün klublarına inkişaf və uğurlar arzulayıram”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Aleksey İsayev deyib.

29 yaşlı yarımmüdafiəçi “Sabah”la çempion olmasının onun üçün xüsusi məna daşıdığını bildirib: “Sabah”la çempion olmaq arzum gerçəkləşdi. Bu hissləri sözlə ifadə etmək çox çətindir. İnanılmaz və unudulmaz emosiyalar yaşayıram. Komandaya qayıtdıqdan sonra demişdim ki, bu mövsüm alınmasa belə, növbəti mövsüm mütləq çempion olacağıq. Sevinirəm ki, bunu elə bu il bacardıq. Biz çempionuq və ən önəmlisi də budur. “Qızıl dubl”u komandadaxili birlik sayəsində qazandıq. Təkcə futbolçular deyil, rəhbərlik və klub əməkdaşları da böyük və mehriban bir ailə kimi hərəkət edir. Belə uğurlar məhz kiçik addımların və birliyin nəticəsində əldə olunur. Yalnız birlik olduqda böyük nailiyyətlər qazanmaq mümkündür”.

İsayev “Sabah”a dönüşündən sonra yenidən özünü tapdığını da vurğulayıb: “Sabah”a qayıtdıqdan sonra özümü toparlaya bildim. Komanda mənə inanır, dəstək olur və kömək edirdi. Bununla yanaşı, zədələrimi də tam bərpa etdim. Müəyyən səbəblərdən “Qarabağ”da öz səviyyəmi göstərə bilmədim. Çünki iki çox ağır zədə almışdım. Sevindirici haldır ki, artıq həmin dönəmi geridə qoymuşam. Düzdür, hələ tam olaraq ən yaxşı formama qayıtdığımı deməzdim. Amma bundan sonra daha yaxşı performans göstərərək özümü tam sübut edəcəyimə inanıram. Ən vacibi isə odur ki, artıq bu istiqamətdə ciddi addım atmışam”.