“Qolan təpələri sizin deyil, Nyu-Cersini İsrailə verin” - Trampla müzakirəsini xatırlatdı - Video

qolan-tepeleri-sizin-deyil-nyu-cersini-israile-verin
Oxunma sayı: 753

Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən “Atlantik Şurası”nın panelində çıxışı zamanı Qolan təpələri ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, Qolan təpələrinin Suriyaya məxsus olduğunu bildirib və bu ərazinin kimə məxsus olması məsələsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı suala cavab verən Əhməd əl-Şaraa Ağ Evdə Tramp ilə görüşü zamanı bu məsələ ilə bağlı etdiyi zarafatı xatırladıb.

Əhməd əl-Şaraa bildirib ki, Tramp Suriyanın yanında olub, ona dəstək verib və Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı tarixi qərar qəbul edib. O, Trampla “çox xüsusi münasibətlərinin” olduğunu da deyib.

Prezidentin sözlərinə görə, Ağ Evdəki görüş zamanı Tramp Qolan təpələri üzərində İsrailin suverenliyindən danışarkən o, zarafatla belə cavab verib: “Niyə Nyu-Cersini israillilərə vermirsiniz? Qolan təpələri sizin mülkiyyətinizdə deyil ki, onu onlara verəsiniz, amma Nyu-Cersi sizə məxsusdur. Hesab edirəm ki, Nyu-Cersi Demokratlarla doludur və onlar Trampa səs vermirlər. Buna görə də onu israillilərə vermək yaxşı olardı”.

Əhməd əl-Şaraa daha sonra “Heç olmasa, bu, sizin sahib olduğunuz bir ərazidir. Prezident Tramp Qolan təpələrinin sahibi deyil”, - deyə bildirib.

“Bu zarafatdan asılı olmayaraq, Qolan təpələri öz xalqına məxsusdur. Nə Suriya prezidenti, nə Amerika prezidenti, nə də hər hansı başqa bir şəxs onları başqalarına verə və ya onlardan imtina edə bilər”, - Suriya Prezidenti qeyd edib.