“Rəqəmsal Nərimanov” innovasiya hakatonu keçirildi - Video - Fotolar

reqemsal-nerimanov-innovasiya-hakatonu-kecirildi
Oxunma sayı: 334

Nərimanov Rayon İcra Hakimiyyəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Tedspace” şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsal Nərimanov” layihəsi üzrə innovasiya hakatonu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dövlət idarəetməsində rəqəmsal həllərin tətbiqinin təşviqi məqsədilə həyata keçirilən tədbir böyük marağa səbəb olub.

48 saat davam edən intensiv kodlaşdırma və ideya inkişafı prosesi ərzində seçilmiş ən güclü 15 komanda Nərimanov rayonu ərazisində idarəetmə çevikliyinin və operativliyin artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin həllinə yönəlmiş rəqəmsal platformalar və işlək prototiplər ərsəyə gətiriblər.

İştirakçılar onlara verilən aktual mövzularda layihələr işləyərək idarəetmə proseslərini asanlaşdıran mexanizmlər təklif ediblər.

Tədbirin yekun mərhələsində komandalar öz layihələrini peşəkar münsiflər heyəti qarşısında təqdim ediblər. İdeyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi kimi qabaqcıl meyarlar əsasında aparılan şəffaf qiymətləndirmənin nəticəsinə əsasən ümumi mükafat fondunu qazanan ilk 3 komanda məlum olub.

İlk üçlüyə daxil olan komandalar hazırladıqları innovativ həllərlə ərazinin idarəedilməsində, hesabatlılığın rəqəmsallaşdırılması və infrastruktur problemlərinin avtomatlaşdırılmış şəkildə qeydiyyatı sahəsində ən effektiv nəticələri nümayiş etdiriblər.

Nərimanov Rayon İcra Hakimiyyəti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən qalib komandaların mükafatlandırılması mərasiminin keçiriləcəyi qeyd olunub.