Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu

ronaldonun-arzusunu-gozunde-qoyan-super-evezedici
Oxunma sayı: 515

İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino 2026-cı il Dünya Çempionatının ən həlledici futbolçularından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli oyunçu ardıcıl ikinci matçda son dəqiqə qolu vuraraq, komandasını yarımfinala daşıyıb və turnirin əsas qəhrəmanlarından biri kimi diqqət çəkib.

Belçika ilə dörddəbir final görüşündə ehtiyat oyunçular skamyasından meydana daxil olan 30 yaşlı futbolçu cəmi 117 saniyə sonra adını tabloya yazdırıb. Qarşılaşmanın 88-ci dəqiqəsində Belçikanın ehtiyat qapıçısı Senne Lammensin səhvindən yararlanan Merino topu qapıya göndərərək İspaniyaya 2:1 hesablı qələbə qazandırıb.

Bu qol İspaniyanın 2010-cu ildən bəri ilk dəfə DÇ-nin yarımfinalına yüksəlməsini təmin edib.

Merinonun qəhrəmanlığı bununla da məhdudlaşmır. O, bir neçə gün əvvəl Portuqaliya ilə 1/8 final matçında da əlavə vaxtın sonlarında vurduğu qolla İspaniyanı növbəti mərhələyə çıxarmışdı. Həmin qarşılaşma həm də Kriştianu Ronaldonun DÇ-dəki karyerasının son oyunu olmuşdu.

Təcrübəli yarımmüdafiəçi böyük turnirlərdə son dəqiqə qollarının müəllifinə çevrilib. O, 2024-cü il Avropa çempionatında Almaniya ilə matçın 119-cu dəqiqəsində vurduğu qələbə qolu ilə də yadda qalmışdı.

Beləliklə, Merino son iki ildə İspaniya millisinin ən kritik anlarda xilaskara çevrilən futbolçusu statusunu möhkəmləndirib.

2024-cü ildə “Real Sosyedad”dan “Arsenal”a transfer olunan Merino bu mövsüm London klubunda Premyer Liqa çempionluğu yaşadıqdan sonra Dünya Çempionatında da İspaniyanın ən vacib fiqurlarından birinə çevrilib.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçusunu “dünya səviyyəli oyunçu” adlandırıb: “Merino heç vaxt məyus etmir. O, həmişə etibarlı seçimdir. Lazım gəlsə, onu evindən götürməyə gedərəm. Mikel dünya səviyyəli futbolçudur”.

İndi isə Merino və İspaniyanı yeni sınaq gözləyir. “La Roja” yarımfinalda Fransa millisi ilə üz-üzə gələcək. Turnirin ən çox gözlənilən qarşılaşmalarından biri hesab olunan oyun Arlinqton şəhərində keçiriləcək.