Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?

rusiya-iran-ciceklerinden-subhelendi
Oxunma sayı: 555

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbərliyi İranın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək Rusiyaya ixrac üçün çiçəklərin sertifikasiyasının dayandırılmasını xahiş edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun saytında paylaşılan məlumatda deyilir. 

Bildirilib ki, bu barədə qərar həmin məhsulun bir hissəsinin Ermənistan ərazisində yetişdirilməsi ilə bağlı şübhələrin olması səbəbindən qəbul edilib. 

Qurumun məlumatına görə, cari ildə İrandan çiçək tədarükünün həcmi ötənilki göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Fitosanitar sertifikatlarda mənşə yeri kimi İran göstərilməsinə baxmayaraq, xarici görünüşünə və qablaşdırma xüsusiyyətlərinə görə məhsul əvvəllər Ermənistandan tədarük edilənlə tamamilə eynilik təşkil edir. 

“Rosselxoznadzor” daha əvvəl İranı Ermənistanın çiçək məhsullarına tətbiq olunan müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırıb”, - qurumun məlumatında deyilir. 

Xatırladaq ki, “Rosselxoznadzor” bu ilin mayın 22-dən etibarən Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.