ABŞ Konqresinin yuxarı palatası – Senat senator Lindsi Qremin iştirakı ilə hazırlanmış, Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini bəyənib.
“Qafqazinfo” xəbər verir ki, iclasın canlı yayımı qanunverici orqanın yuxarı palatasının rəsmi saytında nümayiş olunub.
Səsvermədən əvvəl qanunvericilər ABŞ Prezidentini Rusiyadan neft və ya qaz idxal edən üçüncü tərəflərə gömrük rüsumları tətbiq etmək səlahiyyətindən məhrum edəcək düzəlişi rədd ediblər. Senat sənədi 5 həftəlik yay tətilinə çıxmazdan əvvəl qəbul edib. İndi sənədə avqustun 31-dək tətildə olan Nümayəndələr Palatası baxacaq.
Senator Qrem bu sənədi “Cəhənnəm sanksiyaları haqqında qanun layihəsi” adlandırıb. Sənədin ilkin versiyasına baxılmazdan əvvəl müəyyən düzəlişlər edilib.
Yenilənmiş təşəbbüsün fəsillərindən biri Rusiya enerji daşıyıcılarını satın alan dövlətlərə həsr olunub. Əvvəllər təklif edilən vahid 500%-lik dərəcə əvəzinə, yeni redaksiya Rusiya neft və qazının ən böyük 5 idxalçısına (o cümlədən Çin və Hindistan), həmçinin Vaşinqtonun qiymətləndirməsinə görə mövcud məhdudiyyətlərdən yayınmağa ən fəal kömək edən 5 ölkəyə ABŞ ilə ticarətdə 100%-dək tariflərin tətbiq edilməsi imkanını nəzərdə tutur.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı da Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə qarşı sanksiyalar tətbiq etmişdi.
Son xəbərlər
Son Xəbərlər