Sabunçuda elmi-praktik konfrans keçirildi - Fotolar

sabuncuda-elmi-praktik-konfrans-kecirildi
Oxunma sayı: 1156

Aprelin 7-də Sabunçuda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konfrans Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunub.

Konfransda Sabunçu RİH başçısının müavini Rəna Vəliyeva, BŞİH başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov və digər şəxslər iştirak ediblər.

R.Vəliyeva çıxış edərək müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verib. O qeyd edib ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə ediblər. Təqdim olunmuş 127 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilib. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat müəllifi seçilərək növbəti mərhələdə iştirak hüququ qazanıb.

E. İmanov vurğulayıb ki, referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.

Sonda Sabunçu RİH tərəfindən komissiya üzvləri və fərqlənən 10 referat müəllifi olan məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.