Sabunçuda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu - Fotolar

sabuncuda-heyder-eliyevin-anadan-olmasinin-103-illiyi-qeyd-olundu
Oxunma sayı: 356

Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı, Cahangir Cahangirov adına xor və Müslüm Maqomayev adına Filarmoniyanın kamera orkestrinin kiçik heyətinin iştirakı ilə rayonun Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev:  Müasir Azərbaycanın memarı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə  Sabunçu RİH başçısı Adil Vəliyev, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir 148 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş mahnı ilə başlayıb. Şagirdlərin ifasından sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları “Şəhərsalma və Memarlıq ili” çərçivəsində xüsusi hazırlanmış sərgiyə baxış keçirib.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsini açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxışı zamanı bildirib ki, müasir Azərbaycanın memarı Ümumilli Lider Heydər Əliyev bu gün bütün dünyaya səs salmış müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynamış, ictimai-siyasi, sosial-iqtisadi fəlakət astanasında olan Azərbaycanı uçurumdan, yox olmaqdan, daxili çəkişmələrdən xilas edib. Ulu Öndərin iradəsi, cəsarəti və qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyulduğunu vurğuluyan A.Vəliyev Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən qüdrətli, surətlə inkişaf edən, aparıcı dövlətə çevrildiyini, hər birimizin bugünkü Azərbaycanımıza görə  Ulu Öndərimizə,  ölkəmizin parlaq gələcəyinə görə isə cənab Prezidentimiz İlham Əliyevə minnətdar olduğumuzu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk olaraq gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyev canlanır. Azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyət həyatının 40 ildən artıq bir dövrünü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövrü xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi kimi vurğulayan A.Xudadanov  Ulu Öndərin xalqın təkidi ilə 1993-cü il 15 iyun tarixində ikinci dəfə siyasi hakimiyyətə qayıdışının müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə rayonun sosial-iqtisadi və ictimai həyatında, o cümlədən mədəni inkişafında səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə Fəxri Fərmanlar təqdim edilib.

Tədbir Cahangir Cahangirov adına xorun və Müslüm Maqomayev adına Filarmoniyanın kamera orkestrinin kiçik heyətinin iştirakı ilə ədəbi-bədii proqram ilə davam edib.