Paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli, Mövsüm Sənani, Novruzov qardaşları küçəsinin kəsişməsində yaşayan bir neçə ailə tikinti şirkətindən narazılıq edir.
“Qafqazinfo” “ATV xəbər”ə istinadən xəbər verir ki, razılıqları alınan sakinlərin evləri sökülür və qazıntı işləri aparılır.
Məlumata görə, evin yaxınlığında qazıntı işlərini icra edən “İron İnşaat” şirkətidir.
Sakinlər tikinti şirkəti ilə niyə razılıq əldə edə bilmədiklərini belə izah ediblər.
Şikayətçi Cahangir Ağayev deyir ki, qazıntı işləri evlərinə zərər verir: “Bu, sakinlər burada yaşaya-yaşaya olmamalı idi, çünki evimiz silkələnir. Çıxarışda torpaq da, ev də xüsusi mülkiyyət kimi qeyd olunub. Hər ikisinin kompensasiyasını istəyirik ki, o məbləğlə bu ərazidə ev alaq”.
Digər sakin Tahir Ağayev da narazılığını bildirib: “Qazıntı evimizə yaxın aparılır, sonra buradan kanalizasiya gedir. Konstruksiya qoyublar, istəyirlər bağlasınlar. Bizim yaxın yolumuzu uzaq eləmək istəyirlər”.
Tikinti şirkətindən isə bildirilir ki, həmin ünvanda yaşayan əksər sakinlərlə razılıq əldə edilərək köçürülüb. Köçürülən sakinlərə mənzillərinin dəyərindən 20 faiz artıq ödəniş edilib və kirayəyə çıxarılıblar. Həmin şəxslərə tam təmirli mənzil veriləcək. Razılıq əldə edilməyənə kimi heç kəsin evi sökülməyəcək.
Şirkətin nümayəndəsi Əkbər Ələkbərov sakinlərlə razılığa gələ bilməməyin səbəbi kimi onların həddən artıq məbləğdə pul istəmələrini göstərib: “5 min, 6 min manat kvadrata pul istəyirlər. Qazıntı işləri aparmaqdan ötrü bütün layihə məsələləri hamısı bütün dövlət tərəfindən, aidiyyəti qurumlar tərəfindən təsdiq olunmuş formadadır, razılıq da verilib, icazələr də rəsmi verilib”.
Tikinti şirkətinin nümayəndəsi həmçinin bildirib ki, razı olmayan sakinlərlə bağlı məhkəməyə müraciət olunub. Məhkəmə nə qərar verəcəksə, onu da icra etməyə hazırdırlar.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər