Saxta dövlət qurumu yaratdı - 1 milyon ələ keçirdi

saxta-dovlet-qurumu-yaratdi
Oxunma sayı: 411

Nigeriyada Adeniyi Adeyemi adlı şəxs mövcud olmayan dövlət qurumu yaratmaq və onun üçün 1 milyon dollarlıq büdcə əldə etməkdə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, Adeyemi Prezidentin yaratdığı iddia edilən Xarici İnvestisiyaların Təşviqi üzrə Prezident Şurasının rəhbəri kimi fəaliyyət göstərib.

O, hətta hökumətin əsas inzibati binası olan Federal Katiblikdə qurum üçün ofis sahəsi əldə edib.

Adeyeminin sosial media hesablarında biznes nümayəndələri və xarici diplomatlarla görüşdüyünü göstərən foto və videolar da paylaşılıb. Onun Mərkəzi Banka giriş əldə etməyə çalışdığı da iddia olunur.

Prokurorların sözlərinə görə, Adeyemi Prezident Bola Tinubunun adından verilmiş və onun şəxsi katibi Femi Qbajabiamila tərəfindən imzalandığı göstərilən saxta təyinat məktubundan istifadə edib. O, həmçinin prezident blankından istifadə edərək ofis sahəsi, əməkdaşların təyin olunması və müxtəlif dövlət qurumlarından əməkdaşlıq tələb etməkdə ittiham olunur.

Abujada məhkəmə qarşısına çıxarılan Adeyemi saxtakarlıq və şəxsiyyəti təqlid etmək də daxil olmaqla səkkiz ittihamla üzləşir.

Beş məhkəmə iclasına gəlmədikdən sonra barəsində həbs qərarı çıxarılan Adeyemi Osun əyalətində saxlanılıb. O, bütün ittihamları rədd edir.

Adeyemi 26 sentyabrda Laqosda keçirilən məhkəmə iclasında polis, Dövlət Xidmətləri Departamenti və Korrupsiya Təcrübələri və Digər Əlaqəli Cinayətlər üzrə Müstəqil Komissiyanın onu bəraət qazandırdığını iddia edib.

Yerli mediaya açıqlamasında isə Adeyemi rəhbərlik etdiyi şuranın real olduğunu və qurumun hökumətin xərcləmə planına daxil edilməsi üçün büdcə rəsmiləri ilə şəxsən görüşdüyünü bildirib.

Adeyeminin növbəti məhkəmə iclasının oktyabrın 12-də keçiriləcəyi gözlənilir.