SDQ Suriyadakı fəaliyyətini dayandırdı

sdq-suriyadaki-fealiyyetini-dayandirdi
Oxunma sayı: 406

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Mazlum Abdi silahlı birləşmələrin Suriya Silahlı Qüvvələrinin tərkibinə qoşulma prosesinin yekunlaşdığını elan edib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, M. Abdi bu barədə Dəməşqdəki Prezident Sarayında keçirilən mətbuat konfransında bildirib.

“SDQ Suriya ordusuna birləşmə prosesini başa çatdırıb və müstəqil qüvvə kimi fəaliyyətini dayandırır”, – deyə komandan qeyd edib.

Məlumat üçün bildirək ki, SDQ İŞİD-ə qarşı beynəlxalq koalisiyanın əsas quru qoşunları olub və ABŞ bu birləşmələrə 1 milyard dollar investisiya qoyub. Lakin Vaşinqton və Dəməşq arasında münasibətlərin normallaşması ilə ABŞ-nin dəstəyi zəifləməyə başlayıb.

Xatırladaq ki, yanvar ayında ABŞ-nin vasitəçiliyi ilə bağlanan sazişə əsasən, Suriya neft və qaz ehtiyatlarının, eləcə də elektrik enerjisi güclərinin əsas hissəsinin cəmləşdiyi Fərat çayı boyunca yerləşən ərazilərin böyük hissəsi hökumət qüvvələrinin nəzarətinə keçib. SDQ-nin nəzarətində isə yalnız şimal-şərqdə, ölkənin İraq və Türkiyə ilə həmsərhəd bölgələrində kürdlərin üstünlük təşkil etdiyi şəhər mərkəzləri qalıb. Həmin razılaşma, eyni zamanda, SDQ-nin tam şəkildə Suriya Silahlı Qüvvələrinə inteqrasiyasını nəzərdə tuturdu.