“Sevincimizin həddi-hüdudu yoxdur” - Ağalının ilk sakinləri

sevincimizin-heddi-hududu-yoxdur
Oxunma sayı: 7498

Xəbər verdiyimiz kimi, işğaldan azad olunan ərazilərə - Zəngilanın Ağalı kəndinə ilk qayıdış baş tutub. Belə ki, bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb.

“Qafqazinfo” xəbər verir ki, Ağalıya köçənlər arasında Məmmədovlar ailəsi də var.

Məmmədovlar ailəsinə Ağalı kəndində 4 otaqdan ibarət mənzil verilib. Ailə onlara hədiyyə edilən mənzildə yaradılan şəraitdən razılıq edib.

Ailənin başçısı Məmmədov Bayram 30 ilə yaxın bu günü gözlədiyini bildirib: “1988-ci ildə burada, Ağalı kəndində anadan olmuşam. İndi ailədə 5 nəfərik. İki körpəm var. Onlarla birgə öz yurdumuza, torpağımıza gəlmişik. Bizi evlə təmin ediblər. Sevincimizin həddi-hüdudu yoxdur. Çox sevinirik ki, gözəl gün bizə nəsib oldu”.

Bayramın anası, Almuradova Rahilə isə Ağalıya qayıtdığı üçün sevincinin həddi-hüdudunun olmadığını bildirib: “Mən burdan gedəndə 35 yaşım var idi. İndi 65 yaşım var. Ağalıdan çıxanda körpə balalarımla çıxmışam, indi isə körpə nəvələrimlə qayıdıram”.

O, bu sevinci ağalılara bəxş etdiyinə görə, Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib: “Şəhid anaları, bacıları qarşısında mən də bir şəhid bacısı kimi baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Bütün Qarabağ əhlinə, zəngilanlılara, ağalılara səslənirəm ki, öz vətənlərinə, torpaqlarına qayıtsınlar. Bizə gözəl şərait, gözəl evlər tikiblər. Ev tikənlərə, yaradanlara da minnətdarlığımızı bildiririk”.

Eldar Tanrıverdi

Fotolar: Pərvin Zeynal