Tanınmış vəkil Ceyhun Yusifov həmkarı Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu məhkəməyə verib.
“Qafqazinfo”nun məlumatına görə, xüsusi ittiham qaydasında verilmiş şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır.
Xüsusi ittihamçı Yusifov iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir.
Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən gedir.
Sonradan həmin xəbər bir neçə saytda və sosial şəbəkələrdə yayılıb.
Məlumat üçün deyək ki, iddia C.Yusifovun yaxın qohumuna xəsarət yetirməsi xəbəri ilə bağlı qaldırılıb.
Qarşı tərəf isə həmin məlumatın yalan olduğunu deyir.
Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyətinə qara yaxmaq üçün ona böhtan atılır.
Ceyhun Yusifov Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.
Bu maddələrin sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu gün keçirilən ilk iclasda məhkəmə işi araşdırmaq qərarı qəbul edib. Şikayət icraata qəbul edilib. Baxış iclası iyulun 25-nə təyin edilib.
Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
***
Məsələ ilə bağlı vəkil Adəm Məmmədov saytımıza bildirib ki, cinayət işində fakt necədirsə, saytda da məlumat o formada təqdim olunub:
“Ceyhun Yusifov və vəkilləri cinayət işi başlanması ilə bağlı məsələdən yayınırlar. Konkret olaraq, bununla bağlı münasibət bildirmirlər. Sonda araşdırma olacaq və ictimaiyyətə məlum olacaq ki, bu real faktdır, müstəntiqin qərarıdır.
Burada şər-böhtandan söhbət gedə bilməz. Ceyhun Yusifovun məsələnin mahiyyətini açıqlamaması onu göstərir ki, o məsələdən yayınmaq istəyir” , - A.Məmmədov qeyd edib.
Adəm Məmmədov əlavə edib ki, cinayət işi ilə bağlı qərarda 1984-cü il təvəllüdlü Y.F 6 avqust 2020-ci il tarixində kəsilmiş-deşilmiş yaralar diqanozu ilə xəstəxanaya daxil olub. Məlumat Xətai RPİ-nin 34-cü Polis Şöbəsində qeydə alınıb və icraata verilib. Araşdırma zamanı müəyyən edilib ki, Y.F əri Ceyhun Yusifova məxsus “Mercedes Benz” markalı avtomobildə yaranmış mübahisə zamanı kəsilmiş-deşilmiş yaraları xəsarəti alıb. F.Y xəstəxanaya daxil olarkən əri tərəfindən bıçaqla qəsdən vurularaq xəsarət aldığını bildirib. Fakt üzrə CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanıb.