Tale Rza Diqqətiyə himyədarlıq edir. Tərbizdəki sadə azərbaycanlı ailəsindən olan sıravi iranlı oğlan 13 yaşında qəfildən foto sənəti ilə maraqlanmağa başlayır. Hər şey atasının fotoaparatına yaranan uşaq həvəsindən, ziyansız maraqdan başlayır. Kimin ağlına gələrdi ki, o adi həvəskar fotoaparatın obyektivi böyük tarixi hadisələrin şahidi olacaq?
Həyatımızı qəfil dəyişdirən təsadüf yox, daha çox bəzən şərait adlandırılan qanuayğunluqdur. Tale güclülərə, meydan oxuyanlara yardım edir, onların istiqamətləndirir. Qarşımda dəfələrlə taleyə meydan oxuyan insanlar əyləşib.
Bu sətirlər jurnalist Eynulla Fətullayevin məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqətidən aldığı müsahibənin ikinci hissəsində yer alıb.
"Qafqazinfo" sözügedən müsahibənin davamını təqdim edir:
- Mən 1999-cu ildə Təbrizdə Səttarxanın nəvəsini tapdım. O, həkim işləyir. Bilirsiz qəribəsi nədir? Cənubi Azərbaycanın muxtariyyəti uğrunda mübarizənin banisinin nəvəsi milli özünüdərkdən və milli şüurdan tamamilə uzaqdır. Mənə dedi ki, onun Vətəni bütöv və bölünməz İrandır.
- Şimali Azərbaycan, o cümlədən Bakı 170 il Rusiyanın hakimiyyəti altında olub. Baxın, rus mədəniyyətinin Şimali Azərbaycana təsiri nə qədər böyükdür! Bu gün də əksər insanlar övladlarını rus məktəblərində oxudur, çoxları üçün rus dili doğma dildir. İdentik proses Azərbaycanın digər hissəsində də gedib. Odur ki, Səttarxanın nəvəsinin reaksiyasına təəccüblənmək lazım deyil. Hamımız məktəbdə farsca oxumuşuq, fars mədəniyyəti bizim mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib.
Sizdən fərqli olaraq, biz İranı öz ölkəmiz sayırıq. Öz dövlətimiz üçün milli məsuliyyət hiss edirik. İran bizim evmizdir. Odur ki, İranı daha çox metropoliya olmuş Sovet dövləti ilə müqayisə etmək gərək deyil. Rusiya heç vaxt sizin ölkəniz olmayıb. İran isə bizim Vətənimizdir.
Mən İran diasporunun aparıcı nümayəndələri, bizim Qərbdəki ziyalılarımız ilə çox ünsiyyətdə oluram. İrandakı hakimiyyətin hətta ən qızğın əleyhdarları belə bizim dövlətçiliyimizin parçalanmasına qarşı çıxış edir. Bəli, bizim üçün İranın federallaşması, İranda yaşayan azərbaycanlıların, türkmənlərin, ərəblərin, kürdlərin və digər xalqların mədəni-milli muxtariyyətinin genişlənməsi cəlbedicidir.
- Azərbaycanlıların milli qüvvələri 1970-ci illərdəki inqilabi hərəkatın avanqardında nə dərəcədə fəal idi? Axı inqilab Təbrizdən başlamışdı…
- Bəli, inqilab Azərbaycandan və Təbrizdən başlamışdı. Təbrizin passionarlığı və siyasi fəallığı güclü idi. Ancaq milli şüarlar yoxdu. Azərbacanlılar suverenlik yox, İrandakı vəziyyətin keyfiyyətcə dəyişməsini tələb edirdi. Pəhləvi sülaləsi dövründə milli özünüdərkin ən xırda cücərtiləri də məhv edilmişdi.
- Yeri gəlmişkən, həbsinizdən sonra yaxınlarınız, doğmalarınız, valideynlərinizin taleyi necə dəyişdi?
- Doğmalarım 5 ay ərzində mənim harada olduğumu bilmədilər. Hakimiyyət bir qayda olaraq həbs edilənlərin yerini xəbər vermirdi. Valideynlərim, bacılarım, qardaşlarım da xəbərsiz idilər. Onlar sualla hakimiyyətə müraciət edə bilməzdilər. Qorxu mane olurdu. Ölkənin bütün atmosferinə müdhiş qorxu çökmüşdü. Stalin dövründəki kimi, insanlar günün günortasında yoxa çıxırdılar.
- Bəs sizin doğmalarınızın sonrakı taleyi necə oldu?
- Mən İrandan mühacirət edəndən sonra qardaşım və bacılarım da ölkəni tərk etdi. Valideynlərim İranda qaldılalar. Onlarla tez-tez telefonla danışırdım. Anam yalnız 10 il sonra Parisə yanıma gələ bildi. O, Parisdə ürək xəstəliyindən vəfat etdi. Ancaq vəsiyyətinə uyğun olaraq İranda dəfn olunub. Nəşini vətənə yola saldıq və mən dəfndə iştirak edə bilmədim (Kədərli baxışını yayındırır - E.F.)… Atamın dəfnində də ola bilmədim (Dərindən köks ötürür - E.F.)
- Siz İranı şahın devrilməsindən və islamçıların hakimiyyətə gəlməsindən sonra tərk etmisiz. Yəni yeni hakimiyyət sizin inqilab işində əvvəlki xidmətlərini nəzərə almadılar?
- Ziyalılarla mollakratiyanın antaqonizmi hələ türmə vaxtlarından artırdı. Təsəvvür edin, biz türmələrdə illərlə bir yerdə yaşamışdıq. Ancaq onlar bizimlə birlikdə yemək yemir, bizdən yan gəzir, salamlaşmırdılar! Yəni, biz kafirlərik. Bu, əsl marazm idi. Hətta təsadüfən çiyinlərimiz bir-birinə dəyəndə onlar şeytanı lənətləyir, yuyunmaq və təmizlənmək üçün əlüzyuyana qaçırdılar. Yəni onlar tamamilə qeyri-adekvat şəxslər idi.
- Tanınmış islamçılardan kiminlə bir türmədə olmusuz?
- İranın gələcək prezidentləri Məhəmməd Əli Rəcai və Haşimi Rəfsəncani, məşhur ayətolla Əli Müntəziri, gələcək nazirlər və parlament üzvləri ilə... Bir sözlə, İslam respublikasının bütün gələcək yuxarı cəmiyyətilə.
- Məhbus Rəfsəncani ilə ünsiyyətdən daha çox nə yadınızda qalıb? Çox maraqlıdır!
- (Gülür- E.F.) Yəqin siz sezirsiniz ki, mən sizin türmədə olduğunuzu bilirəm və bütün dünyanın türmələrində “ümumi kassa” olur. Onsuz yaşamaq mümkün deyil, çünki qohumlarının görüşünə gəlmədiyi məhbuslar var. Bir dəfə aşkarladıq ki, Rəfsəncani gecələr gizlicə məhbusların yeməyini oğurlayır. Və bizim onunla çox xoşagəlməz söhbət oldu. Bütün məhbuslar ona baykot elan etdilər.
- O, bu vərdişini gələcəkdə də tərgitmədi. Sonralar dövlət xəzinəsindən oğuralamağa başladı. Və ona qarşı korrupsiyaya görə rəsmi ittiham irəli sürüldü.
- (Gülür) Elədir. İndi anlayırsızmı, niyə bizim bu cür ruhanilərlə yollarımız apriori ayrıldı? Biz eyni yolla gedə bilməzdik. Ona görə də mən şahın devrilməsindən sonra özümün müstəqil fotomüxbir fəaliyyətimi davam etdirdim. Foto incəsənəti ilə 13 yaşından maraqlanıram. Atamın fotoaparatı ilə çəkməyə başlamışam. Sonra isə atam mənə yeni aparat bağışladı. Öz-özünə örənən birisiyəm …
- Həbsdən amnistiya ilə çıxdız?
- Yox, nə danışırsız! Hansı amnistiya? Türmədən hələ şah dövründə, 1977-ci ildə, həbs müddətim bitdiyi üçün çıxdım. Məni hətta həbs müddətindən də 1 ay çox saxladılar. Uzun-uzadı fikirləşdilər - mənimlə nə etsinlər. Nəhayət azad etmək qərarına gəldilər. Həbsdə 3 il 1 ay oldum.
- Və inqilabın ilk günlərindən Newsweek, Frans-Press, SIPA Press fotoagentliyi ilə dünyanın aparıcı agentliklərinin xüsusi müxbiri oldunuz … Dünyanın məşhur nəşrləri arasında sizin fotoşəkilləriniz uğrunda əsl ov başladı.
- Bəli, çünki inqilabın hər saatını çəkirdim. Günlərlə çəkilişlərdə olurdum. Və mən fotoqrafiyalarım bütün dünyada yayılırdı. Bir dəfə müəyyən etdim ki, fotoqrafiyalarımı eyni zamanda dünyanın 20 min nəşri dərc edib! Təsəvvür edirsizmi? Mən dünyanın 20 min nəşrinin müxbirinə çevrilmişdim! Tale məni hadisələrin mərkəzinə atmışdı. Və mən siyasi proseslərinin inkişafının konyunkturunu tuta bilirdim. İnqilabın liderlərinin bir çoxu ilə şəxsən tanış idim.
Şahın devrilməsindən sonra yeni inqilabi hakimiyyət hələ bir müddət əvvəlki hakimiyyətin siyasətini davam etdirdi. Yenə təqiblər, zorakılıq, həbslər … Və şey qadınların nümayişkaranə ekzekusiyasından başladı - onları üzlərini örtməyə məcbur edirdilər. Bəhailəri, kürdləri öldürməyə, sünniləri və yeni siyasi əleyhdarları təqib etməyə başladılar. Qadınları küçədə saxlayır və linç edirdilər. Və həmin andan fotokameramın obyektivini yeni zorakılığa qarşı yönəltdim. Bir çox rüsvayçı səhnələri çəkdim və dünyaya yaydım. Və qısa zamanda “Rza” təxəllüsü ilə məşhurlaşdım. Təhlükəsizlik məqsədilə tam ad və soyadımı - Məhəmməd Rza Diqqəti - göstərmədim. Sadəcə “Rza” yazdım.
Bunun məntiqi izahı var: əvvəla sizdə Məmməd adı kimi, İranda da Rza adı ən geniş yayılmış addır. İranda hər üçüncü, bəlkə hətta ikinci şəxs bu adı daşıyır. Yeni inqilabi hakimiyyətə “Rza” təxəllüslü anonoim fotoqrafın şəxsiyyətini müəyyən etmək çətin idi. Mən İranın yeni hakimiyyətinə müxalif olan ilk jurnalist idim. Demək olar ki, onların hakimiyyətinin ilk aylarından. Axı Xomeyni demokratiya, siyasi fəaliyyət üçün tam azadlıq, vicdan və fundamental hüquqlar azadlığı vəd etmişdi. Reallıqda nə aldıq? Yadfikirliliyin zorla boğulması və ildırımsürətli repressiyalar. Onlar xalqa sosial rifah - pulsuz kommunal xidmətlər, pulsuz mənzil, torpaq hüququ, sosial ədalət, dini və siyasi baxışlarından asılı olmadan bütün vətəndaşlara bərabər hüquqlar vəd etmişdilər.
- Bolşeviklər də Rusiyada hakimiyyətə həmin şüarlarla gəlmişdi. Bir neçə həftə sonra isə yeni seçilmiş parlamenti dağıtdılar.
- Dəqiq analogiyadır. Anladım ki, yeni hakimiyyət ölkəni kollapsa aparır. Və fəaliyyətə başladım. Yeni hakimiyyət isə məni inqilaba qarşı informasiya müharibəsinin təşkilində ittiham etdi. “Rza”nın həqiqi şəxsiyyəti müəyyən olunandan sonra onlar mənim fiziki məhvimə qərar verdilər. Əgər şah türməyə salırdısa, islamçılar öldürürdülər. Ziyalılara ölkəni tərk etməkdən başqa seçim qoymadılar. Siyasi divantutma erası başladı. Yadfikirliləri öz mənzillərində günün günortasında öldürürdülər. Və mən mühacirət etmək qərarına gəldim.
- İrandan necə qaça bildiz?
- Bütün xalqlarda belə bir deyim var - şər deməsən, xeyir gəlməz. İran İraqla savaşırdı və mən Newsweek jurnalının müxbiri idim. Hərbi jurnalistika xüsusi vərdişlər - ilk növbədə, lazımi kadrı tutmaq və təsadüfi güllədən qorunmağı tələb edir. Mən səngərlərdə əsgərlərin arasında, ən axırıncı yorğunluğa qədər çalışırdım.. Və bir dəfə əlimi mexaniki olaraq qaldıraraq alnımın tərini silmək istəyirdim. Bu vaxt səngərə əl qumbarası düşdü. Və birbaşa sifətimə və alnıma yönəlmiş qəlpələr ovcuma dəydi (sağ ovcundakı çapıqlaşmış yaraları göstərir - E.F.). Bəxt bu imiş! Əgər əlimi alnıma qaldırmasaydım, elə səngərdəcə öləcəkdim. Məni yaralı halda Tehrana çatdırdılar. Həkimlər qanqrenanın başlandığını və əlimin amputasiya edəcəklərini söylədilər. Razılaşmadım və yardım üçün redaksiyaya müraciət etdim. İran hakimiyyəti də yaralılara xaricdə müalicə olunmağa icazə verirdilər. Və mən Tanrının unutduğu bu ölkəni tərk etmək üçün sonuncu şansdan yararlanmaq imkanını qaçırmadım.
- Ancaq İranı tərk etməzdən əvvəl siz daha bir mühüm tarixi prosesdə iştirak etdiniz. Siz iranlı tələbələr 1979-cu ilin 4 noyabrında ABŞ səfirliyini işğal edərkən orada olan yeganə jurnalist oldunuz. Bu, necə baş verdi?
- Taleyin və iti intuisiyamın hesabına. İranın cənub-qərbində, Xuzistan əyalətində reportajda idim. Məşğulluğuma baxmayaraq, Tehrandakı siyasi vəziyyəti diqqətlə izləyirdim. ABŞ səfirliyinin işğalından 3 gün əvvəl Xomeyni öz radiomüraciətlərində Amerika əleyhinə ritorikasını gücləndirmişdi. Üstəlik bu ritorika saatbasaat güclənirdi. Anlayırdım ki, rəhbərin nitqləri hansısa mühüm siyasi hadisənin müjdəçisidir. Və Tehrandakı hadisələrdən düz iki gün əvvəl bütün jurnalist və müxbirlərə telefonqram gəldi - təcili olaraq Tehran unversitetinə getmək. Bütün tanış müxbirlərlə zəngləşdim və paradoks- hamı identik dəvətnamə almışdı.
Gecə təcili Tehrana döndüm. Və necə fikirləşirsiz? Bütün jurnalistlər dəvəti qəbul edib universitetə yollanırlar. Bircə məndən başqa. Və bilirsizmi, hakimiyyət nə edir? Onların hamısını universitetin binasında qapayır!
İndiki kimi yadımdadır. Buludlu hava idi. İnqilabi qonararlarımın hesabına ala bildiyim köhnə avtomobilimin sükanı arxasında əyləşmişdim. Adəti üzrə radionu dinləyirdim. Və yenə Xomeyninin millətə müraciəti ilə rastlaşdım. Bu dəfə o, ABŞ səfirliyini açıq-aşkar şər və şeytan yuvası adlandırdı. Anladım ki, hadisələrin episentri səfirlik binası olacaq. Və şəhərin həmin hissəsinə yollandım. Səfirliyin yanından keçəndə onlarla insanın hasarı aşaraq səfirlik ərazisinə daxil olduğunu gördüm. Dərhal maşını saxladım və hasara doğru qaçdım. Digərlərinin ardınca hasardan səfirlik ərazisinə tullandım. Başqa nə etməliydim ki? Siz olsaydız, tullanmazdız?
- Tullanardım.
- Gözlənilən təhlükəyə baxmayaraq, istənilən jurnalist onların ardınca getməyə borcludur. Artıq səfirlik ərazisində olanda idmançı cüssəli bir neçə nəfər yaxınlaşıb soruşdu - sənin nişanın hanı? Hamısının döşündən möhürlə təsdiqlənmiş iri nişanlar asılmışdı. Cavab verdim ki, jurnalistəm və buraya hadisələri işıqlandırmaq üçün gəlmişəm. Onlar dərhal ərazidən çıxmağımı tələb etdilər və hədə-qorxu gəldilər. Hasardan bayıra tullanmalı oldum, səfirlik önündəki iri dəmir qapılara doğru qaçdım. Görürəm ki, girov götürülmüş amerikalı diplomatları gözləri bağlı halda bir-bir binadan çıxarırlar. Və çəkməyə başladım. Bir neçə gün sonra mənim fotoqrafiyalarım bütün dünya agentlikləri və nəşrləri tərəfindən yayıldı.
- Deməli, həmin tarixi fotoların müəllifi sizsiniz?
- Bəs necə (Gülümsəyir - E.F.)
- Bəs fotoları Qərbə necə yolladız?
- Gecə hava limanına getdim və Parisə uçan sərnişinlərdən birindən Newsweek jurnalının redaksiyasına zəng vurub bağlamanı kuryerə çatdırmasını xahiş etdim.
- Sərnişin dərhal razılaşdı?
- Bəli, axı bu, başqa zamanlardı. İnsanlar bir-birinə inanır və kömək edirdilər. Üstəlik hava limanında müşahidə kameraları və xüsusi təhlükəsizlik tədbirləri yox idi …
- Səfirliyin işğalı aksiyasına İranın gələcək prezidentlərindən biri - Mahmud Əhmədinicad rəhbərlik edirdi. Siz onu hücum edənlərin cərgəsində görmüsüzmü?
- Səfirliyin işğalından sonra müsəlman tələbələr Təşkilatı onun binasında mütəmadi mətbuat konfransları keçirirdi. Mən də qatılırdım. Ancaq onların arasında Əhmədinicadın da olduğunu aydın xatırlamıram. Sonralar həmin aksiyaya onun başçılıq etdiyini dedilər və yazdılar. Ancaq o vaxt onun sifətini yadda saxlamamışam. Əvəzində İranın indiki vitse-prezidenti Məsum İbtikarı yaxşı xatırlayıram - o, aksiyanın liderlərinin arasında idi. Hətta qışqırırdı: «Mənə silah verin və bu amerikalıları güllələyim».
-Bilirsizmi, Əhmədinicad İranın hakim rejiminin əsas tənqidçilərindən birinə çevrilib? Dünya mətbuatı hətta onu hakim elitanı parçalamağa qabil olan “İranın Yeltsini” adlandırır.
- Bu barədə oxumuşam. Onun sözlərinin səmimiyyətinə inanmıram. Hamısı oyundur. İranda atalar sözü var - mollalar dalaşır, xalqın kəkili uçur. Hazırkı siyasi elita anlayır ki, rejim məhkumdur. Əhmədinicad - hadisələrin xaotik inkişafı ehtimalı üçün ev tədarüküdür. Hakimiyyət əldən getsə, onu “müxalifətçi” Axmadinejad götürə bilər. Mən İranla yaşayıram və öz ölkəmdəki vəziyyəti bütün incəliyi ilə izləyirəm.
- Niyə siz Fransaya getməyə qərar verdiz? Niyə Amerikaya yox? SIPA Press-lə əməkdaşlığınıza görə?
- İlk növbədə, fransız dilinə görə. Türmədə bu dili öyrənməli olmuşdum. Çox gülməli hadisədir. Biz orada kitablar üçün saathesabı növbəyə yazılırdıq. Bəzən öz saatını aylarla gözləməli olurdun. Mən kitabxanaya getdim və soruşdum: Burada elə kitab varmı ki, növbəyə yazılmadan, dərhal götürə bilim? Kitabxançı növbəsiz cəmisi bir kitabı götürə biləcəyimi dedi. Bu isə fransız dilin üzrə məktəb dərsliyi idi. Beləliklə həmin dili öyrənməyə başladım.
Deyin görüm, bu cür təsadüflərdən sonra necə taleyə inanmayasan? Əgər bu, yapon dili dərsliyi olsaydı, mənim taleyim başqa cür formalaşardı - bekarçılıqdan yapon dilini öyrənərdim.
Türmənin kandarını tərk edəndə artıq asanca fransız dilində danışırdım. Və həmin an tamamilə ağlıma gəlmirdi ki, üç il sonra həmişəlik Fransaya yollanacam.
Həyatımda hər şey bu cür formalaşıb: foto sənəti də, müstəqil öyrəndiyim fransız dili də. Təsadüflər.
Newsweek məni qitənin qaynar nöqtələrində işləmək təklifi ilə Amerikaya dəvət etdi. Əvvəla, dil baryeri mane oldu. İkincisi, Amerika qitəsində iş mənə yad idi. Bu, mənimki deyildi. Mən Yaxın Şərq bölgəsinə yaxın olmaq istəyirdim. O vaxtlar dünya foto sənətinin üç paytaxtı vardı - Nyu-York, Paris və London.
- Bilirsiz, Fransa barədə niyə soruşdum? Axı Xomeyni də mühacirətdə Fransada olmuşdu. Paris nəyə görəsə iranlılar üçün cəlbedicidir.
- (Gülümsəyir) Bəli, İran ziyalıları həmişə Parisi seçib. Baxmayaraq ki, Amerikada, bildiyiniz kimi, 2 milyona yaxın iranlı yaşayır.
- Tanrı sizə daha bir uğur bağışladı. Məhz sizin obyektiviniz İsrail tanklarının 1982-ci ilin yayında Livanı işgəl etmələrini, daha dəqiq desək, Beyrutun mühasirəsini əks etdirdi. Və yenə sizin fotoqrafiyalarınız bütün dünya nəşrlərinin birinci səhifəsində yer aldı.
- Bəli, bəxt yenə üzümə güldü. 1982-ci ilin yazında Beyrutda ezamiyyətdə idim. Aprelin 22-də şəhər bombardmana məruz qaldı. O vaxt İsraillə FAT-ın qarşıdurması gedirdi, yəhudi dövləti fələstinlilərin dəstələrini şəhərdən çıxarmağa çalışırdı. Sonra sakitlik çökdü. Qərb KİV-i öbütün müxğirlərini şəhərdən geri çağırdı. Mən isə qaldım. İrana bərk darıxırdım, Livan isə mənə Vətənimi xatırladırdı - eyni adətlər, oxşar mətbəx, eyni Şərqdir… Redaksiya Parisə dönməyimi tələb edirdi, mən isə inadkarlıq edib qalırdım. Düzdür, məni qonorarlardan məhrum etmişdilər, buna baxmayaraq cüzi şəxsi vəsaitim hesabına Beyrutda yaşamaq qərarındaydım. Havadan barıt qoxusu gəlsə də, heç kim yeni müharibəni gözləmirdi.
İyunun sonunda gözlənilmədən İsrail tanklarının işğalı başladı. Heç kəs buna hazır deyildi. Mən yenidən ön cəbhədəydim. Elə oldu ki, işğal gecəsi mən Qərbi Beyrutda yeganə Qərb fotomüxbiri idim. Yenə də mənim fotolarım bütün dünya KİV-də dərc olundu. Mən döyüş meydanndan çıxmırdım. Sonra yaralandım. İsrail fosforlu bombalar tətbiq edirdi. Məni ağır vəziyyətdə Parisə çatdırdılar.
- Sizin bioqrafiyanızın ən öyük qəribəliyi: dünyanın aparıcı mətbu orqanlarında tez-tez bombalar partladan Qərb jurnalisti birdən 1987-ci ildə sakit guşədə - Sovet Azərbaycanında peyda olur. Niyə Bakıya gəlməyə qərar verdiniz? Və necə oldu ki, Sovet hökuməti sizə öz ərazinizə gəlməyə icazə verdi?
(Ardı var)
Müsahibənin ilk hissəsini buradan oxuya bilərsiniz.