Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin 100-dən artıq könüllüsünün iştirak etdiyi düşərgədə gənclər ölkəmizin müasir tarixi, Qərbi Azərbaycan həqiqətləri və milli yaddaş mövzularını əhatə edən panel müzakirələr, maarifləndirici sessiyalar, intellektual oyunlar, komanda fəaliyyətləri, eləcə də Qərbi Azərbaycan gerçəkliklərini əks etdirən “Nəsil ağacı” adlı sənədli filmin nümayişi və “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatında iştirak ediblər.
İştirakçılar, həmçinin debatlarda, müxtəlif interaktiv tapşırıqlarda və qrup işlərində fəal iştirak edərək mövzunu daha dərindən öyrənmək imkanı əldə ediblər.
Proqram çərçivəsində düşərgə iştirakçıları üçün Quba Soyqırım Memorial Kompleksinə ekskursiya da təşkil olunub. Ekskursiya zamanı gənclərə 1918-ci ildə Quba və ətraf bölgələrdə erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırım hadisələri, kütləvi məzarlıqlar və memorial kompleksdə nümayiş etdirilən tarixi eksponatlar barədə geniş məlumat verilib.
Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi könüllülərin ölkəmizin müasir tarixinə dair aktual məsələlər, o cümlədən Qərbi Azərbaycan həqiqətləri haqqında məlumatlılığının artırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılmasında gənclərin rolunun gücləndirilməsidir.
Son xəbərlər
Son Xəbərlər