“Tezliklə müharibədə qalib gələcəyik, benzin qiymətləri düşəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra xarici siyasət gündəliyi ilə bağlı sualları cavablandırarkən deyib.
O, İranın nüvə silahına sahib olmasının qarşısını aldıqlarını, bunun ABŞ və bütün dünya üçün mühüm nailiyyət olduğunu deyib.
“İranın heç vaxt nüvə silahı olmayacaq. Bu müharibədə çox tezliklə qalib gələcəyik və hər şey bitəcək. Benzin qiymətləri də əhəmiyyətli dərəcədə düşəcək. Bizdən başqa heç kim buna nail ola bilməzdi”, - Tramp bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olması halında İsrailin, eləcə də, Yaxın Şərq və Avropanın ciddi təhlükə ilə üzləşəcəyini qeyd edib.
Tramp ötən həftə Ağ Evdə Çin Sədri Si Cinpinlə keçirdiyi görüşdən də danışıb: “Si Cinpinlə əla görüş keçirdik. Əgər 0-dan 10-a qədər qiymət versəydim, bu görüşə 12 verərdim”.
Tramp səfərin ABŞ-Çin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
ABŞ-nin Çinə silah sata biləcəyi ilə bağlı xəbərləri isə Tramp təkzib edib. O, belə bir məsələnin Si Cinpinlə müzakirə olunmadığını bildirib.
Tramp İngiltərədəki hava bazasının yaxınlığında saxlanılan və daha sonra girov müqabilində azad edilən şəxslərin İranla əlaqəli ola biləcəyini vurğulayıb: “Onlar İranla əlaqəli ola bilər. Britaniyalılar bizimlə çox yaxından işləyirdilər. Şübhəlilər haqqında hər şeyi bilirik. Əgər biz rəhbərlik etsəydik, onları azad etməzdik. Bu, bizim üçün sürpriz oldu”.
Son xəbərlər
Son Xəbərlər