İspaniyanın Barselona şəhərində yerləşən məşhur “Sagrada Familia” Bazilikasının tikintisi 144 ildən sonra yeni mərhələyə çatıb.
“Qafqazinfo” xəbər verir ki, katolik dünyasının mənəvi lideri Papa XIV Leo tərəfindən təqdis edilən məbəd 172,5 metr hündürlüyündəki yeni qülləsi ilə dünyanın ən hündür kilsəsi statusunu qazanıb.
Tikinti işlərinə 1882-ci ildə başlanılan və modern memarlığın ən tanınmış nümunələrindən sayılan bazilika hələ də tam yekunlaşmayıb. Lakin fevral ayında tamamlanan “Xilaskar Məsih Qülləsi”nin istifadəyə verilməsi ilə “Sagrada Familia” rekord hündürlüyə çatıb.
Papa XIV Leo Barselonaya səfərinin dördüncü günündə bazilikada ayinə rəhbərlik edəcək və yeni qüllənin təqdis mərasimini keçirəcək. Səfər çərçivəsində o, həmçinin Montserrat monastırını ziyarət edib məhbuslarla görüşəcək.
Mərasimin 1926-cı ildə vəfat etmiş bazilika memarı Antoni Qaudinin ölümünün 100 illiyinə yaxın tarixdə keçirilməsi xüsusi simvolik məna daşıyır. Qaudi katolik inancına bağlılığı ilə tanınırdı və hazırda müqəddəs elan edilmə prosesi davam edir. Memar dua etmək üçün getdiyi bir kilsənin yaxınlığında tramvay qəzasında həyatını itirmişdi.
Keçən il təxminən 5 milyon ziyarətçi qəbul edən “Sagrada Familia” dünyanın ən çox ziyarət edilən dini-memarlıq abidələrindən biri olaraq qalır və tikinti işlərinin tam başa çatmasının daha təxminən 10 il çəkəcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər