Toyunda özünə şəhidlik arzulayan Pəncəli Teymurov - Video

toyunda-ozune-sehidlik-arzulayan-penceli-teymurov
Oxunma sayı: 5532

Aprel döyüşlərində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Pəncəli Teymurovdur.

“Qafqazinfo” xəbər verir ki, şəhid Pəncəli Nurməmməd oğlu Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunda anadan olub. Hərbi xidmətdə kəşfiyyatçı olub və daha sonra xidmətini könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı-diversant taborunda davam etdirib.

17 illik hərb həyatında Azərbaycan Ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb.

Pəncəli Teymurov öz toyunda çıxışı zamanı özünə şəhidlik arzulayıb: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Gizir Pəncəli Teymurov Aprel döyüşlərində döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və aprelin 3-də qəhrəmancasına şəhid olub.

Aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçinin məhv edildiyi əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı nəzərə alınaraq, komandanlığın təqdimatına əsasən Ali Baş Komandanın Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Aprel döyüşlərindəki şücaətinə görə şəhid Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.