Kanada şirkətləri İrana görə “qara siyahı”ya salındı

kanada-sirketleri-irana-gore-qara-siyahiya-salindi
Oxunma sayı: 387

ABŞ Maliyyə Nazirliyi İrana qarşı yürütdüyü “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində Kanadada fəaliyyət göstərən 8 pul mübadiləsi şirkətinə sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, Vaşinqton həmin qurumları sanksiyalardan yayınmağa şərait yaratmaqda və qanunsuz maliyyə əməliyyatlarını asanlaşdırmaqda ittiham edir.

“Qara siyahı”ya “Million Exchange”, “1380079 BC Limited”, “Top PC Technician”, “NIA Nations Currency”, “Farah Exchange”, “CCC”, “B Galaxy” və “Darvish Exchange” firmaları daxil edilib.

Sözügedən şirkətlər İran rialını rəqəmsal aktivlərə (kriptovalyutaya) dəyişərək Tehranla bağlı beynəlxalq pul köçürmələrini həyata keçirib, İrandakı rəqəmsal birjalar və İnqilab Keşikçiləri Korpusu ilə əməliyyatlar aparıblar.

ABŞ-nin FinCEN, DEA və Kanadanın FINTRAC qurumlarının birgə əməliyyatı nəticəsində məlum olub ki, bu firmalar həbsdə olan keçmiş kanadalı snoubordçu Rayan Veydinqin narkotik ticarətindən qazandığı milyardlarla dolları da kriptovalyutaya çevirərək ölkədən çıxarmasına kömək ediblər.

ABŞ Maliyyə naziri Skott Bessent Kanadanın qanunsuz maliyyə vasitəçiləri üçün təhlükəsiz sığınacağa çevrilməsinə icazə verməyəcəklərini və İranın maliyyə kanallarını dünyanın hər yerində sıradan çıxaracaqlarını bildirib.