Tramp həmin şirkətlərin rəhbərləri ilə görüşdü

tramp-hemin-sirketlerin-rehberleri-ile-gorusdu
Oxunma sayı: 341

ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evdə dünyanın ən böyük texnologiya nəhənglərinin rəhbərləri ilə təcili görüş keçiriblər.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, qapalı qapılar arxasında baş tutan sammitin əsas mövzusu süni intellekt (AI) sahəsində tənzimləmələr və texnologiyanın gələcək inkişaf istiqamətləri olub.

Yüksəksəviyyəli görüşdə “Meta” rəhbəri Mark Zukerberq, “Anthropic”in baş direktoru Dario Amodei, “Nvidia”nın rəhbəri Censen Huanq və “OpenAI” prezidenti Qreq Brokman iştirak ediblər. Qonaqlar arasında həmçinin “Google” rəhbəri Sundar Pinçai və “xAI” təsisçisi İlon Maskın da yer aldığı bildirilir.

Məlumata görə, bu strateji görüş texnologiya dünyasında həyəcan siqnallarının artdığı bir vaxta təsadüf edir. Belə ki, bir qədər əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson texnoloji inkişafın dünyanı “geri dönülməz nöqtəyə” yaxınlaşdırdığını əsas gətirərək süni intellekt sahəsindən istefa verib.

Xatırladaq ki, iyul ayında “OpenAI” rəhbəri Sem Altman da bəşəriyyətin süni intellekt təsirində “sinqulyarlıq nöqtəsinə” çatdığını bəyan etmişdi. Texnoloji sinqulyarlıq – inkişafın idarəolunmaz və geri dönülməz hala gəldiyi, sivilizasiyanın köklü dəyişikliklərə məruz qaldığı fərziyyəvi mərhələ hesab olunur.