Trampı məhkəməyə verdi - Vətəndaşlıq və 75 milyon dollar tələb edir

trampi-mehkemeye-verdi
Oxunma sayı: 1997

ABŞ-də qətl törətmək ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edilmiş qanunsuz miqrant Brendon Ortis-Vite ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib. 

“Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir ki, buna səbəb Trampın 2024-cü ildəki seçkiqabağı kampaniyası zamanı onun cinayət işindən bəhs etməsidir. 

Məlumata görə, hələ müəyyən edilməmiş müddətə (39-dan 102 ilədək) cəza çəkən 27 yaşlı Brendon Ortis-Vite Miçiqan ştatının dairə məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, dövlət başçısı tərəfindən alçaldıldığını iddia edib və açıq üzrxahlıq, ABŞ vətəndaşlığı və 75 milyon dollar məbləğində pul kompensasiyası tələb edib. 

Ortis-Vite iddia edir ki, çıxışı zamanı Tramp onun şərəf və ləyaqətini alçaldıb: “Mən törətdiyim əmələ görə məsuliyyəti tam öz üzərimə götürdüm, lakin işimin siyasi məqsədlərlə istifadə edilməsi və televiziyada qeyd olunması ədalətsiz və alçaldıcı idi. Bundan daha pisinin ola bilməyəcəyini düşündüyüm bir zamanda hər şey daha da pisləşdi”.  

Yerli hüquqşünaslar Ortis-Vitenin iddiasının bir sıra səbəblərə, o cümlədən Trampın prezident toxunulmazlığına görə uğursuz olacağı qənaətindədirlər. 

Qeyd edək ki, Brendon Ortis-Vite 2020-ci ildə ABŞ-dən deportasiya edilib, lakin sonradan qanunsuz yolla yenidən ölkəyə qayıda bilib. O, 2024-cü ilin martında sevgilisini qətlə yetirdiyinə görə mühakimə edilib. Donald Tramp 2024-cü ildəki seçki kampaniyası zamanı qanunsuz miqrasiya ilə mübarizəyə xüsusi diqqət ayırıb. O, mitinqlərdən birində çıxışı zamanı Ortis-Vitenin işindən bəhs edərək cinayətkarın fotosunu göstərib və onu “Amerikanın problemi” adlandırıb.