Trampın oğlunun toyunu rusiyalı oliqarx maliyyələşdiribmiş

trampin-oglunun-toyunu-rusiyali-oliqarx-maliyyelesdiribmis
Oxunma sayı: 219

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp və həyat yoldaşı Bettina Tramp may ayında keçirilən toy şənliklərinin bir hissəsinin rusiyalı oliqarx Umar Kremlev tərəfindən maliyyələşdirildiyini təsdiqləyiblər.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün sosial media hesablarında paylaşdığı açıqlamada Kremlevin onların “yaxın dostu” olduğu və toy mərasimindən sonra keçirilən iki gecəlik şənliklərə onun ev sahibliyi etdiyi bildirilib.

Tramp və həyat yoldaşı Kremlevin dəstəyini “qeyri-adi dərəcədə səxavətli toy hədiyyəsi” kimi qiymətləndiriblər.

“Biz o zaman buna görə minnətdar idik və bu gün də minnətdarıq”, – deyə açıqlamada qeyd olunub.

Cütlük həmçinin dostluğun siyasi motivlərlə əlaqələndirilməməli olduğunu vurğulayıb: “Dostluq siyasi motivasiya tələb etmir. Bəzən toy hədiyyəsi sadəcə toy hədiyyəsidir”.

Qeyri-kommersiya araşdırma jurnalistikası təşkilatı “ProPublica” isə eyni gün yayımladığı hesabatda Kremlevin toy şənlikləri üçün yüz minlərlə dollar xərclədiyini iddia edib.

Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətləri ilə tanınır. O, yaxın vaxtlarda Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

Oğul Donald Tramp isə daha əvvəl Rusiya ilə əlaqələri səbəbindən gündəmə gəlmişdi. 2016-cı il prezident seçkiləri zamanı onun Nyu-Yorkdakı “Tramp Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşü Tramp kampaniyasının Rusiyanın seçkilərə müdaxiləsi ilə əlaqələndirilib-əlaqələndirilmədiyini araşdıran federal və konqres istintaqlarının əsas mövzularından birinə çevrilmişdi.