Türkiyədə Azərbaycan əleyhinə kampaniya hansı həqiqətləri üzə çıxardı? - Təhlil

turkiyede-azerbaycan-eleyhine-kampaniya-hansi-heqiqetleri-uze-cixardi
Oxunma sayı: 627

Azərbaycanda orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqinə Türkiyədən gələn reaksiyalar bir çox həqiqətləri ortaya çıxardı.

Azərbaycana qarşı kampaniya Türkiyə cəmiyyətinin özünü parçaladı

Türkiyədə vahid məktəbli geyimini bəhanə edib Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının təşkilatçıları düşünürdülər ki, bununla Azərbaycan cəmiyyətinin mövqeyinə və hakimiyyətinin iradəsinə təsir göstərə bilərlər.

3 il davam edən, ara-sıra səngiməsinə baxmayaraq, hər bir bəhanədə daha güclü şəkildə təkrarlanan bu kampaniyanın süni və məqsədli şəkildə təşkil olunduğu artıq sirr deyil.

Son kampaniya daha şiddətli şəkildə BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri Benyamin Natanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması ilə başladı, Azərbaycan Nazirlər Kabinetinin məlum qərarından sonra orta ümumtəhsil məktəblərində vahid geyim tələbi icra olunmağa başlayan kimi isə daha da alovlandı. Bu kampaniya Azərbaycan dövlətinin və cəmiyyətinin səbir kasasını doldurdu.

Kampaniyaların təşkilatçıları düşünürdülər ki, qarşılarında həmin zəif, problemlərlə üz-üzə qalan Azərbaycan var və cəmiyyətimizi çalxalaya, öz iradələrini diqtə etməyi bacaracaqlar. Ancaq böyük yanlışlığa yol verdilər.

Prezident İlham Əliyevin Azərbaycanda böyük nüfuzu, cəmiyyətin ona olan rəğbəti, dövlət başçımızın Türkiyə də daxil olmaqla İslam coğrafiyasında və dünyada hörmətini nəzərə ala bilmədilər. Eləcə də Azərbaycan cəmiyyətinin hər hansı xarici təhdid qarşısında öz Lider ətrafında sıx birliyini və bütün qüvvəsini eyni hədəfə qarşı səfərbər etməsi reallığını unutdular.

Nəticə nə oldu?

- Azərbaycandakı prosesə, ictimai rəyə heç bir təsir göstərə bilmədilər. Azərbaycan ictimaiyyəti verilmiş qərarı dəstəklədi, onun düzgün olduğu qənaətini aydın nümayiş etdirdi;

- Azərbaycan cəmiyyətinin xarici təhdid qarşısında necə konsolidasiya olunduğunu və sarsılmaz mövqe, milli birlik və həmrəylik göstərdiyini aydın gördülər;

- Azərbaycanla təhdid dilində danışmağın, onu öz yolundan döndərməyin mümkün olmadığını gördülər;

- Məsələ Türkiyə cəmiyyətinin özünü parçaladı, AKP yandaşı olan dindar kəsimlə milliyyətçi və dünyəvi kəsimi qarşı-qarşıya qoydu. Millətçilər, cümhuriyyət tərəfdarları qətiyyətlə nurçu-islamçı AKP-yə qarşı kəskin mövqe nümayiş etdirdilər.

Zamanında bunu Rusiya, Qərb, İran gördü, başa düşdü. Artıq Türkiyənin də bu reallığı görüb Azərbaycanla münasibətlərində nəzərə almasının zamanıdır.

Osmanlının buraxdığı səhvlər müasir Türkiyədə yenidən təkrarlanır

Türkiyədən AKP daxilindən başlanan bu proses hakimiyyətin əleyhinə çevrildi. Bu, təkcə Türkiyə cəmiyyətinin parçalanması anlamına gəlməməlidir. Çünki ortada türk dünyasının birliyi amili də var. İndi Mərkəzi Asiya ölkələri, Rusiya və digər ölkələrdəki türkdilli xalqlar baş verəndən dərs çıxardılar. Buna görə də əminliklə demək olar ki, AKP-də mövqe tutmuş bu şəbəkə həm də türk dünyasının birliyinə böyük zərbə vurdu. Zamanında Osmanlının buraxdığı səhvlər müasir Türkiyədə yenidən təkrarlanır.

Türkiyədə Azərbaycana qarşı səsini ucaldanlar təkcə bu yanaşmanın zərərli və yolverilməz olduğunu demədilər, həm də ciddi daxili problemləri olan bir ölkənin başqasının işlərində müdaxilə etməmişdən qabaq öz daxilində bu problemləri həll etməyə borclu olduğuna diqqəti yönəltdilər:

Bu gün Türkiyənin daxili problemləri kifayət qədərdir. Rüşvət, korrupsiya, inhisarçılıq, fon qalmaqalı, erkən nikah, qadın hüquqlarının kobud şəkildə pozulması və s. Bu siyahını uzatmaq da olar.

Azərbaycana dil uzadan, guya din təəssübü çəkən islamçı qaragüruh, ilk növbədə, İstanbul da daxil olmaqla böyük şəhərlərdə tüğyan edən azğınlıq, gecə barları, eyş-işrət və s. bu kimi məsələlərə münasibət bildirməlidir.

Türkiyə hakimiyyətinin İsrailə münasibətdə ikili yanaşma nümayiş etdirdiyi isə artıq heç kəsə sirr deyil.

Hakimiyyət İsrailə qarşı ictimai rəyi qızışdırır, guya barışmaz mövqeyini ortaya qoyur, digər tərəfdən də İsraillə ticarət əlaqələri davam edir.

Başqa bir problem Türkiyədə yaşayış səviyyəsinin sürətlə düşməsi, kənd və şəhərlərin inkişafdan geri qalmasıdır. Türkiyənin şəhərləri artıq müasirləşmir, infrastruktur köhnəlir və sıradan çıxır. Hakimiyyətin müxtəlif tikililərlə bağlı şüarları isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.

İkitərəfli münasibətlərdə rasionallıq

Daha bir reallıq ondan ibarətdir ki, zaman-zaman müxtəlif problemlər, ikitərəfli münasibətlərdə ziddiyyətlər və gərginliklər ortaya çıxdıqda belə heç bir ölkədən Azərbaycana qarşı bu qədər tərbiyəsizlik, bu qədər təhqir olmamışdı. Bu da bir daha Türkiyə cəmiyyətinin cəhalətə, xurafata sürükləndiyini, gerilədiyini nümayiş etdirir.

Bu gün Türkiyə cəmiyyəti çox ciddi struktur və qütbləşmə problemi ilə üz-üzədir və faktiki daxili konfrontasiya reallığında yaşayır. Hakimiyyət öz məqsədlərinə nail olmaq üçün radikal dindarlığı stimullaşdırır, dövlətin əsaslarını sarsıdacaq yeni reallıq yaradır.

Türkiyənin anlaması, görməsi vacib olan digər reallıq isə müasir, güclü Azərbaycanla bağlıdır. Bu, artıq ərazisinin 20 faizi işğal altında olan bir ölkə deyil, özünü müdafiə etməyi, problemlərin özü həll etməyi bacaran yeni Azərbaycandır. Bu Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Buna Rusiya, ABŞ, İran və digər ölkələr öz təcrübələrində şahid oldular, Türkiyə də bundan nəticə çıxartmalıdır.

Əlbəttə, Türkiyənin yaşadığı problemlər ən çox da Azərbaycanı, xalqımızı narahat edir. Ancaq Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir.

Bu gün Türkiyədə bəziləri 44 günlük müharibə zamanı Azərbaycana göstərilən dəstəyi əllərində bayraq edirlər. Bu yaxşılıq birtərəflidirmi? Tarixi qoyaq kənara, müasir dövrümüzə baxaq. Azərbaycan Türkiyənin Ermənistanda əlaqələri bərpa etmək, Sürix razılaşmalarını, futbol diplomatiyasını, erməni jurnalisti Hrant Dinkin öldürülməsindən sonra İstanbul, Ankara küçələrində “Hamımız Hrant Dinkik, hamımız erməniyik” çoxminlik marşları hələ unutmayıb. Azərbaycan Şimali Kiprə görə Avropa İttifaqı, Yunanıstan, ABŞ-da ikinci ən böyük diaspor olan yunan lobbisi ilə üz-üzə gəlməkdən çəkinmədi və qəti mövqeyində dayandı. Yunan Kiprini tanımadı, Bakıda Şimali Kiprin nümayəndəliyi açıldı, rəsmi səviyyədə gediş-gəliş və təmaslar təmin olundu, Şimali Kiprin rəhbəri mühüm beynəlxalq tədbirlərə dəvət edildi və s. Bu siyahını uzatmaq da olar.

İndi Türkiyədən Azərbaycana qarşı axan bu çirkab bütün bunlara cavabdırmı?

Buna görə də ikitərəfli münasibətlərdə romantizm mərhələsi artıq bitdi. Çünki Azərbaycan cəmiyyəti Türkiyədə bəlli dairələrin əsl sifətini və niyyətlərini gördü və öz mövqeyini də dəyişmək məcburiyyətindədir. Artıq ikitərəfli münasibətlərdə rasionallıq var. Dostluq, qardaşlıq davam edir, amma hər kəsin öz dövləti və öz marağı mövcuddur.

APA