Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədəki Prezident Kompleksində Nazirlər Kabinetinin (NK) iclası öz işinə başlayıb.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, müzakirələrin əsas gündəliyinə İstanbulda aparılan fond istintaqı, “Terrorsuz Türkiyə” prosesindəki son vəziyyət və xarici siyasət məsələləri daxildir.
NK iclasında kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan təhqiqatın son vəziyyəti qiymətləndiriləcək. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daha əvvəl 46 hüquqi şəxs, 18 fond və 42 fiziki şəxs olmaqla ümumilikdə 106 şəxs və qurumun əmlakına məhdudiyyət qoyulması tələb edilmişdi. Son qərara əsasən, 45 şirkət və 19 fond üzərindəki məhdudiyyətlər ləğv olunub. Bununla yanaşı, maliyyə hərəkətlərinin araşdırılması məqsədilə Maliyyə Cinayətlərini Araşdırma Qurumundan (MASAK) yeni yoxlamalar tələb edilib.
İclasın digər mühüm mövzusu “Terrorsuz Türkiyə” prosesi olacaq. Terror təşkilatının ləğvi və silahı yerə qoyması prosesindəki son mərhələ, eləcə də Böyük Millət Məclisi (TBMM) çərçivəsində atılacaq hüquqi və qanunvericilik addımları müzakirə olunacaq.
Eyni zamanda, iclasda regional təhlükəsizlik və beynəlxalq proseslər nəzərdən keçiriləcək. Müzakirələrin yekununda Prezident Rəcəb Tayyib Ərdoğanın kameralar qarşısına keçərək mühüm bəyanatlarla çıxış edəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər