Ulduzlar bir arada... - “Qızıl Qlobus”un qalibləri açıqlandı

ulduzlar-bir-arada
Oxunma sayı: 806

Ötən axşam 2026-cı il “Qızıl Qlobus” mükafatları təqdim olunub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Beverli-Hills şəhərində yerləşən “Beverly Hilton” hotelində baş tutan 83-cü “Qızıl Qlobus” mükafatları mərasimində dünyaşöhrətli ulduzlar bir araya gəlib.

Tədbir aktrisa Nikki Qleyzerin aparıcılığı ilə baş tutub.

Mərasim ənənəvi olaraq ulduzların qırmızı xalça çıxışları ilə diqqət çəkib. Tədbirdə Cennifer Lopez, Culiya Roberts, Ariana Qrande, Amanda Seyfrid, Keyt Hadson, Cin Smart, Cenna Orteqa, Emily Blant, Pol Meskel, Dakota Fenninq və digər məşhur simalar iştirak ediblər.

Gecənin diqqətçəkən məqamlarından biri isə aktyor Mekoley Kalkinin uzun illərdən sonra “Qızıl Qlobus” səhnəsinə qayıdışı olub.

“Qızıl Qlobus 2026” mərasimi kino və televiziya sahəsində ötən ilin ən uğurlu layihələrini bir daha ön plana çıxarıb. “One battle after another” filmi gecənin ən çox mükafat qazanan ekran işlərindən biri olub, “Hamnet” isə əsas drama mükafatını əldə edib.

Xloye Çjaonun rejissoru olduğu “Hamnet” filmi “Dram janrında ən yaxşı film” nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb. Meqqi Ofarrelin eyniadlı kitabı əsasında çəkilmiş film ingilis şair Uilyam Şekspirin ailəsinin tarixçəsindən, xüsusilə də onun 11 yaşlı oğlu Hamnetin taun xəstəliyindən ölümündən bəhs edir. Şekspirin həyat yoldaşı Aqnes rolunu canlandıran aktrisa Cessi Bakli “Ən yaxşı qadın rolu”na görə mükafata layiq görülüb.

Digər nominasiyalar üzrə qaliblər

- Pol Tomas Andersonun “Döyüşdən döyüşə” filmi: “Ən yaxşı bədii film - müzikl və ya komediya”;

- Meqqi Kan və Kris Appelhansın “K-pop demon ovçuları”: “Ən yaxşı animasiya filmi”;

- “Məxfi agent” (rejissor Kleber Mendonsa Filyo): “İngilis dilində olmayan ən yaxşı bədii film”;

- “Məxfi agent” filmində Vaqner Moura: “Dramda ən yaxşı kişi rolu”;

- “Pitt” - rejissorlar Con Kameron, Con Vells və başqaları: “Ən yaxşı teleserial”;

- Pol Tomas Anderson: “Döyüşdən döyüşə” filminə görə bədii filmdə “ən yaxşı rejissor” və “ən yaxşı ssenari”.

Bu il ilk dəfə təqdim edilən “Ən yaxşı podkast” nominasiyası üzrə mükafat “Good Hang with Amy Poehler” layihəsinə verilib.

Mərasimdən fotoları təqdim edirik: