Xanımlar və sevgililər üçün... - Fotolar+Video

xanimlar-ve-sevgililer-ucun
Oxunma sayı: 11197

Şəhərdən bir az kənarlaşıb sakitlik axtaranların ilk üz tutduğu ünvan bir-birindən gözəl, səfalı bölgələrimizdir. Qədimliyi və özünə xas təbiəti ilə seçilən müxtəlif şəhərlərimiz sadəcə turistlərin yox, paytaxt sakinlərinin də diqqətindədir. Bu yerlərdəki qədim qalalar, köhnə evlər, dar cığırlar insanı illər əvvələ aparır.

“Qafqazinfo”nun əməkdaşının budəfəki seçimi Şəki şəhəri olub. Xanlar, bəylər diyarı, öz məzəli əhvalatları ilə məşhur olan Şəki şəhəri. Elə şəhərin əzəmətli girişini görəndə artıq o qədim diyara üz tutduğunu anlayırsan. Deyildiyi qədər də var, Şəkinin hər qarışı tarix qoxur. Ancaq nə yalan deyək, o şən, məzəli şəkililəri çox axtarsaq da, gözümüzə dəyən olmadı. Şəhər əhalisi nəsə yaman qaş-qabaqlı idi.

Məşhur Şəki halvası və pitini gərək öz vətənində yeyəsən. Odur ki, bir neçə mağazaya daxil olub həm qiymətləri öyrənək, həm də dost-tanışa bir sovqat aparaq dedik. Bu cəhətdən şəhər sakinləri çox lütfkardır. Aldın, almadın fərqi yoxdur, Əhməd dayının halvasını dadmayıb mağazadan çıxmaq qəti qadağandır. Qiymətlər də belədir: 1 kilosu 4-5 manat, yarım kilosu 3 manat. Əgər suyuşirin insansansa, bir az da danışıqda mahir olsan, sənə mütləq mağazalarda müəyyən güzəştlər olunacaq.

Bölgələri gəzən zaman kafe və restoranlarda daha çox kişilərin əyləşdiyini, xanımların nəinki çay evlərinə getmək, həndəvarından belə keçmədiyini müşahidə etmiş olarsız. Şəkililər buna da bir əncam çəkib. Kafedə açıq-aydın yazılıb ki, bura xanımlar və sevgililər üçündür.

Türk seriallarında görməyə öyrəşdiyimiz əzəmətli köşklər, demək olar ki, Şəkinin bütün küçələrini bəzəyir. Şəhərin hər dalanında qarşımızda yeni bir tarix ucalır.

1970-80-cı illərdə hər bazar günü şəhər əhalisini bir araya toplayan məşhur kino-klublar Şəkidə hələ də fəaliyyətini davam etdirir. Milli Qəhrəmanımızın adını daşıyan “Çingiz Klubu”nda həm yeni, həm də Sovet dövrünün filmləri nümayiş olunur.

Tarixi küçələri dolaşdığımız zaman qulağımıza uzaqdan tütək səsi dəydi. Qədim küçələrdə, yaxınlıqdakı dağlarda əks-səda olan musiqi səsi bizi xanlar, bəylər yaşayan tarixin dövrlərinə aparırdı. “Sona Bülbüllər”i haraylayan dayımız hər gün səhərdən axşama kimi burada tütək çalıb pulunu qazandığını söylədi.

Fotolar və video: Nuran Məmmədov