“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib

xarici-borcu-ehemiyyetli-derecede-azaltmagi-bacardiq
Oxunma sayı: 446

“Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

***

Prezident qeyd edib ki, qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq.

Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlət başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.

***

Dövlət başçısı vurğulayıb ki, bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik.

Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən Prezident İlham Əliyev digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.