Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

azerbaycanli-reper-ile-oxudugu-mahniya-gore-qeyri-adi-ceza-aldi
Oxunma sayı: 1107

Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi “K....” mahnısının sözlərinə görə saxlanılıb.

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində Bodur prokurorluqda ifadə verib.

Prokurorluq reperi “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərib. Bodur ifadəsində ittihamları qəbul etməyərək, mahnı sözlərini təxəyyülünə əsasən, qələmə aldığını bildirib:

“Mən xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”.

O, şikayətlərdən xəbər tutan kimi mahnını rəqəmsal platformalardan sildiyini də əlavə edib.

Qeyd edək ki, məhkəmə prokurorluğun həbs tələbini rədd edərək reper barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa və həftədə iki gün polis idarəsində imza vermək öhdəliyi qoyulub.

Bununla yanaşı, məhkəmə analoqu olmayan qərar verərək reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini məcburi öhdəlik kimi müəyyən edib.