Xəzər sahillərində suitilər niyə ölür?

xezer-sahillerinde-suitiler-niye-olur
Oxunma sayı: 4353

Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumatın araşdırılması məqsədilə nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib. Suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir. Təxminən 2 həftə davam edəcək araşdırma və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.

Hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı. Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmdə immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olmuşdu.

Bu yoluxma kütləvi epidemiyaya səbəb olmuş və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnmişdi. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir.

Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən, dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir. Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur.

Nazirlikdən bildirilib ki, digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması, bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.