Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradovanın gənclərlə görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi Kolleclə birgə təşkil etdikləri tədbirdə millət vəkilləri, mədəniyyət xadimləri, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, himn səsləndirilib.
Sonra Xuraman Muradovanın yaradıcılığı ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, “Vektor Beynəlxalq Elmlər Akademiyasının, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru olan Xuraman Muradova istər sahibkar, istərsə də yaradıcı bir insan kimi ölkəmizdə və bir sıra türk dövlətlərində fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub, xaricdə təşkil olunan ədəbi-mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təmsil etdiyi qurumun və gənclərin adından Xuraman xanıma təşəkkür edib, tədbirin gənclərin vətənpərvərlik tərbiyəsinə təsiri, eyni zamanda şeirə, ədəbiyyata olan marağının yüksəlməsinə önəmli töhfə kimi dəyərləndirib.
Məcid Seyidov əlavə edib ki, bu cür tədbirlərin təşkilinin Muxtar Respublikanın bölgələrində həyata keçirilməsi üçün də əsaslı zəmin yaranıb və bu istiqamətdə müvafiq işlər aparılacaqdır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Xuraman xanım Muradovanı Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, təşkil olunan görüşün Naxçıvan ədəbi mühiti ilə tanışlıq və bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından uğurlu olacağına inamını ifadə edib. Qeyd edib ki, Xuraman xanımın yaradıcılığında Naxçıvana həsr olunmuş yaradıcılıq nümunələrinin olması onun 100 illik muxtariyyət yolu keçmiş diyarımıza olan sevgisinin təzahürüdür.
Milli Müdafiə Universitetinin tabeliyində olan Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da öz təəssüratlarını və fikirlərini bölüşüblər.
Xuraman Muradova tədbirə görə təşkilatçı qurumlara öz dərin minnətdarlığını ifadə edib, Naxçıvanın və bu yurdun insanlarının onun üçün əziz, doğma olduğunu diqqətə çatdırıb. Şairə öz yaradıcılığına aid şeirlərdən parçalar səsləndirib, müəllifi olduğu kitablar haqqında məlumatları diqqətə çatdırıb. “Əsrə bərabər 20 il” kitabına xüsusi önəm verən şairə bildirib ki, burada əsasən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qazanılmış möhtəşəm Zəfərdə, ölkəmizin inkişaf və tərəqqisi yolundakı yorulmaz fəaliyyətindən bəhs olunur.
Xuraman Muradovanın zəngin yaradıcılıq nümunələrindən “Əsrin qəhrəmanı olan Komandan!”, “Zərifə xanım”, “Nəbi və Həcər dastanı”, “Döz ürəyim” şeirləri, sözlərinin müəllifi olduğu “Sənə məktub yazacam” və “Ayrılıqlar” adlı mahnıları səsləndirilib.
Tədbir çərçivəsində Xuraman Muradovanın yenicə çapdan çıxmış “Kimim var ki dağlarda?!” adlı kitabı ilk dəfə ictimaiyyətə təqdim olunub.