Yanacaq daşıyan avtomobildə güclü partlayış - Ölən və yaralanan var-Video-Yenilənib

yanacaq-dasiyan-avtomobilde-guclu-partlayis
Oxunma sayı: 6339

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qazax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.