Zəfər Günü Qaradağda da qeyd edildi - Fotolar

zefer-gunu-qaradagda-da-qeyd-edildi
Oxunma sayı: 1500

7 noyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, RİH şöbə mudirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir öncəsi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsi ehtiramla yad edilib. Heydər Əliyev Mərkəzinin foyesində Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Dəyirmi masa Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə həmçinin ümummilli lider Heydər Əliyevə və Qarabağda Azərbaycanın suverenliyinin bərpasına həsr olunmuş videoçarx nümayiş edilib. Bu videoçarx iştirakçılara Zəfər Gününün əhəmiyyətini bir daha xatırladıb və Azərbaycanın qələbə yolunu qeyd edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək vurğulayıb ki, hər bir xalqın həyatında əlamətdar və tarixi günlər var. Ancaq qalib Azərbaycanımızın Zəfər Günü fərqli bir bayramdır. 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixində parlaq bir səhifə açdı.

Bu müharibə Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələndi və Azərbaycan xalqı öz müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında birləşərək, dünya ictimaiyyətinə gücünü və iradəsini nümayiş etdirdi.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar qatıldığı nüfuzlu təşkilatların ölkə rəhbərinə göstərilən ehtimadın bariz nümunəsidir.

Digər çıxış edən şəhid ailəri və qazilər Zəfərin əhəmiyyətindən danışıblar.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Vətən müharibəsində xalqımız və ordumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə elə bir qəhrəmanlıq dastanı yazdı ki, illər, əsrlər keçəcək, bu tarix heç zaman unudulmayacaq, qan yaddaşımızdan silinməyəcək.

Zəfər Gününün 5 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı–Ələt magistral yolunun 26-cı kilometrliyində, Sahil qəsəbəsi inzibati ərazi dairəsinin ərazisində, Xəzər adalarının qarşısında 100 ədəd həmişəyaşıl ağac əkilib.

Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Qaradağ RİH-nin və eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbər heyəti iştirak ediblər. Tədbir Zəfər Gününün 5 illiyinə həsr olunaraq, şəhidlərin müqəddəs xatirəsinə ehtiram və müstəqil Azərbaycanın inkişafına töhfə verən ekoloji təşəbbüslərin dəstəklənməsi məqsədi daşıyıb.

Əkilən zeytun və alyandra ağacları iqlim şəraitinə uyğunluğu, davamlılığı və uzunömürlülüyü ilə seçildiyindən, ərazidə sabit və davamlı yaşıllıq zonasının formalaşmasına mühüm töhfə verəcək. Əkin zamanı torpağın hazırlanması, suvarma sisteminin qurulması və digər aqrotexniki tədbirlər də paralel şəkildə həyata keçirilib.

Yaşıllıq sahələrinin artırılması həm ekoloji mühitin sağlamlaşdırılması, həm də şəhər və qəsəbələrin abadlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qaradağ Rayon İcra Hakimiyyəti bu istiqamətdə işlərin gələcəkdə də ardıcıl şəkildə davam etdirilməsini planlaşdırır.

Bu layihə keçmişə ehtiram, bu günə məsuliyyət və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin yaradılması deməkdir.