Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni baş komandanı Mixail Drapatı olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat paylaşıb:
“Mixail, Yevgeni Xmara və Pavel Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməli olduğunu müəyyənləşdirdik”.
Dövlət başçısı 2024-cü ildən baş komandan vəzifəsini icra edən Aleksandr Sırskiyə gördüyü işlərə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, general-mayor olan Mixail Drapatı 2016–2019-cu illərdə 58-ci əlahiddə motoatıcı briqadaya, 2024-cü ilin sentyabr–noyabr aylarında “Luqansk” əməliyyat-taktiki qrupuna, 2025-ci ilin yanvarından isə “Xortitsa” əməliyyat-strateji qoşun qrupuna rəhbərlik edib. O, həmçinin 2024-cü il noyabrın 29-dan 2025-ci il iyunun 1-dək Ukrayna Quru Qoşunlarının komandanı vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Sırskinin istefası ilə bağlı şayiələr müdafiə naziri Mixail Fedorovun vəzifəsindən azad edilməsindən sonra Ukraynada başlayan kütləvi etirazlar fonunda yaranmışdı. KİV-in məlumatına görə, Fedorovla Sırski arasında münaqişə olub və nazir baş komandanın istefasına çalışsa da, Zelenski Sırskini müdafiə etmişdi. Lakin etirazçılar nazirin deyil, məhz Sırskinin işdən çıxarılmasını tələb edirdilər. İyulun 18-dək aksiyalar artıq Zelenskinin özünə qarşı yönəlmiş mitinqlərə çevrilmişdi.
Əlavə edək ki, bundan öncə USQ sıralarında Fedorov təchizatın pisləşməsinə görə tənqid edilmişdi.
Son xəbərlər
Son Xəbərlər