Bu gün Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində” adlı konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər, yəni, 1960-cı illərdə Azərbaycan SSRİ-nin ən geridə qalmış ölkələrindən biri idi:
“Ölkədə tənəzzül müşahidə olunurdu və mənəvi- psixoloji durum yerində deyildi. Azərbaycan bütün göstəricilər üzrə geridə idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə ölkə inkişaf etdi. Bu inkişaf özünü bütün sahələrdə göstərdi. Azərbaycan sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Onun hakimiyyəti dövründə milli şüurun möhkəmlənməsinə təkan verildi. Müstəqillik illərində Azərbaycanın inkişafının əsasını Heydər Əliyev hakimiyyətə gəldiyi illərdə qoyulub. Yeni Azərbaycan Partiyası bütün bunları nəzərə alaraq onun şəxsi xidmətlərini qiymətləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu gün də bununla bağlı 50-liyə həsr olunmuş sənədli rolik hazırlanıb”.
Tədbirin sonunda hazırlanmış sənədli rolik tədbir iştirakçılarına nümayiş etdirilib.